Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Həm yubiley, həm də bu ilin cənab Prezident tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi böyük tarixi hadisədir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, hər bir vətəndaş cənab Prezidentin qəbul etdiyi bu qərardan böyük qürur hissi keçirir:
“Bu bir daha onu göstərir ki, müasir, müstəqil Azərbaycan tariximizlə çox sıx şəkildə bağlıdır və tariximizin hər bir səhifəsi ilə fəxarət hissi duyur. Müstəqil dövlətimiz həmin dövrdə cəmi 23 yaşasa da, böyük dövlətlər tərəfindən de-fakto tanındı. Şərqdə ilk dünyəvi respublika quran babalarımız bütün güclərini Azərbaycanın möhkəmlənməsi, ərazi bütövlüyünün təmin edilməsi yolunda sərf edərək, böyük uğurlar əldə ediblər. Xalq Cumhuriyyəti dövlət quruculuğu yolunda mühüm nailiyyətlər əldə edib. Vətəndaşlara seçki hüququ verilib, ordunun inkişafı üçün addımlar atılıb, demokratik dəyişiklik üçün böyük işlər görülüb. Amma təəssüf ki, sonrakı proseslər Azərbaycanın xeyrinə işləməyıb. Üstündən 70 il keçdikdən sonra xalqımız yenidən dövlət müstəqilliyini əldə etdi”.
A.Mirzəzadə hesab edir ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin öz tarixinə bağlılığının və daim ona sahib çıxmasının göstəricisidir:
“Cənab prezidentin bu qərarı ilk növbədə tariximizə yüksək qiymətin verildiyini göstərir. Bu, indiki nəslin öz keçmişini yaxşı bilməsi üçün atılan addımdır. Bu sərəncam həmin dövr ziyalılarımızın müstəqillik və güclü Azərbaycanla bağlı arzularının indiki nəsil tərəfindən uğurla həyata keçirildiyini bir daha sübut edir”.