Türkiyənin “Yeni Şəfəq” qəzetinin yaydığı bu informasiyanı ABŞ-ın Yaxın Şərq regionunda yürütdüyü siyasətin nəticəsi olaraq nəzərdən keçirmək lazımdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
O qeyd edib ki, proseslər başlayandan indiyədək ABŞ-ın yeni, asanlıqla idarə oluna biləcək kiçik dövlətciklər yaratması layihəsi var idi:
“PKK terror dövlətinin yaradılması da bu planın tərkib hissəsidir. Düzdür, bu plan İraqda İraq, Türkiyə və İran birliyi sayəsində iflasa uğradı. Belə ki, Kürdüstan bölgəsində keçirilən müstəqillik referendumunun nəticələrinin həyata keçirilməsi mümkün olmadı. Ayrıca Kürdüstan bölgəsinin rəhbərliyi küncə sıxışdırılmaqla bu prosesin qarşısı alındı. Ancaq növbəti uğursuzluğun Suriyada da baş verməməsi üçün ABŞ dərhal hərəkətə keçdi. Bilirsiniz ki, ABŞ İŞİD terrorçuları ilə mübarizə adı altında digər terror qruplaşması olan PKK-nın Suriya qolu PYD/YPG gücləri ilə əməkdaşlıq edir. ABŞ indiyədək bu terror təşkilatına 4 min TIR dolu silah və texnika göndərib. Bunun nəticəsi olaraq Suriyanın şimalında, xüsusilə Türkiyə sərhədi boyunca bir terror dövlətinin yaradılması nəzərdə tutulur”.
N.Miri qeyd edib ki, Suriyada atəşkəs rejiminə əməl edilən sabitlik bölgələri yaradılıb:
“Bu sabitliyin təminatçısı məhz Türkiyə, İran və Suriyadır. Prosesin xaricində qalan ABŞ təbii ki, regionda dominantlığını, təsir imkanlarını saxlamaq üçün belə bir terror dövləti yaratmaq məcburiyyəti ilə üz-üzə qalıb. 4 min TIR dolu silah-sursatın da PKK terror təşkilatına məhz bu məqsədlə verildiyi üzə çıxıb. Bölgədəki pozucu fəaliyyəti dağınıq terror təşkilatı ilə davam etdirməyin mümkünsüzlüyü Vaşinqton üçün aydındır. Ona görə də ABŞ artıq bir dövlət strukturu yaratmaq, eyni zamanda bu dövlətin idarə olunması üçün siyasi və bürokratik kadrların hazırlanması istiqamətində konkret addımların atılmasına başlayıb. Artıq bu yöndə bir sıra hazırlıqlar görülüb və kadrlar müəyyən təlimdən keçərək yaranacaq 9 nazirliyə rəhbərlik etməyə hazırdırlar”.
N.Miri qeyd edib ki, gələcəkdə bu terror dövlətini qorumaq və regionda öz təsirini saxlamaq üçün “Şimal ordusu” adı altında nizami terror ordusunun yaradılması da nəzərdə tutulur:
“Beləliklə, indiyədək külli miqdarda silah göndərilməsinin səbəbləri də aydın olur. Məhz bu ordu vasitəsilə həm Suriyaya, həm də o bölgədə yerləşən İran və Türkiyəyə daim təzyiq imkanları saxlamaq məqsədilə bu terror ordusu yaradılır. Bu baxımdan düşünürəm ki, ABŞ-ın planı həyata keçmədən, dərhal, gecikmədən birinci Türkiyə hərəkətə keçməlidir. Suriyanın şimalında PYD/YPG-nin nəzarəti altında olan bölgələr dərhal bu terror təşkilatının işğalından azad edilməlidir. Düşünürəm ki, Türkiyə rəhbərliyi bu məsələdə ləngiməməlidir. ABŞ-ın bu terror dəhlizi, terror dövlətinin yaradılması layihəsinin qarşısını almaq üçün Türkiyənin çox təcili hərəkətə keçməsi lazımdır. Biz bu hərəkətlərin davamı olaraq hərbi əməliyyatlara başlanmasını gözləyirik. Yox, əgər bu məsələdə gecikməyə yol verilsə, ABŞ öz planının həyata keçirilməsi yönündə konkret fəaliyyət göstərəcək. Bu da Türkiyə və regionun digər ölkələri üçün çox böyük təhlükə vəd edir”.
Qeyd edək ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti ABŞ-ın PYD/YPG silahlılarının nəzarətində olan 28 min kvadrat kilometrlik ərazini ayrıca dövlət kimi tanımaqla bağlı fəaliyyətini gücləndirdiyini yazıb. Məlumatda bildirilib ki, ABŞ qurulacaq “Birləşmiş Şimali Suriya Federativ Dövləti”nin mərkəzi kimi Rakka şəhərini seçib. Bu səbəbdən Vaşinqton PYD silahlıları üçün Rakkada aeroport tikmək qərarına gəlib.
Qeyd edilir ki, ABŞ bu dövlətin 7 ölkə tərəfindən tanınacağına tam təminat verib.