13 Yanvar 2018 10:56
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddəin Qurbanov etimadnaməsini bu ölkənin Prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilən görüş zamanı F.Qurbanov Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Prezident K.Qrabar-Kitaroviçə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

Səfir Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstəyini xahiş edib. F.Qurbanov ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazımı təcrübəyə malik olduğunu vurğulayıb.

Bununla yanaşı qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Səfir F.Qurbanov diqqətə çatdırıb ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb. F.Qurbanov sonda “Əli və Nino” romanının xorvat dilinə tərcümə olunmuş nüsxəsini Prezident K.Qrabar-Kitaroviçə təqdim edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər