5 Fevral 2018 14:03
6 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyevin mərhum prezident Əbülfəz Elçibəy komandasının üzvləri ilə qarşıdurması davam edir.

Teleqraf.com xəbər verir ki, Rəsul Quliyev Feysbuk səhifəsində mərhum Elçibəyin köməkçisi Oqtay Qasımovun onun barəsində işlətdiyi fikirlərə cavab verib.

Rəsul Quliyev deyib ki, verdiyi müsahibə böyük maraq doğurmaqla bərabər, bir sıra insanlar tərəfindən əcayib və tərbiyyəsizlik nümayiş etdirilməsi ilə nəticələnib:

“Elçibəy rejiminin yıxılmasının başlıca səbəbi onun və ya komandasının tərəfindən nadan adamların ən yüksək postlara təyin edilməsi oldu. Hətta yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin olunmuşdu. Həmin insanlar hansı ki, siyasətdən 25 il əvvəl getməli olanlar, bu gün də meydandadırlar və beyinlərinin inkişafı həmin dövrdən dayanıb, bu gündə eyni düşüncə ilə yaşayırlar. Sürət Hüseynov krizisini yaradanlar, prezident qvardiyasının qanını tökdürənlər bu gün də özlərinin buraxdığı səhvlərdən xəcalət çəkmir, utanıb qızarmadan qəhrəman kimi danışırlar. Krizisdə 3 gün müdafiə nazirlərini tapa bilməyən “qəhrəmanlar”ın yıxılmaqlarına kənardan səbəb axtarmaları gülməlidir.

Əgər Elçibəyin tanımadığım köməkçisinin onların hakimiyyətini mənim pulumun yıxdığını deməsi həqiqətdirsə, bu, onun ikiqat çox zəif insan olduğunu sübut edir. Hansı prezident köməkçisinə bu şəkildə şikayətlənə bilər? Mən bir daha Elçibəyin onun komandasında mənə ən yaxın adam olduğunu qeyd etmişəm, bir daha təsdiqləyirəm, ancaq o, hakimiyyətdə olanda da çox zəif prezident olduğunu demişəm və şahidim də var. Əbülfəz Elçibəylə sonradan Vaşinqtonda görüşəndə onun məndən yaxın adamı heç vaxt olmadığını başa düşdüyünü etiraf etdi. İnsan həyatda səhv edə bilər, ancaq onu bu günə qədər anlamırsa və yenə qəhrəmanlığından dəm vurursa, bu adamın psixikasında bir neçə ay tutduğu kreslo ab-havası donub qalıb və ölənə qədər də belə yaşayacaq, onu düzəltməyə cəhd etmək mənasızdır”.

Xatırladaq ki, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Rəsul Quliyevin müsahibə zamanı işlətdiyi fikirlərin əsassız və yalan olduğunu deyib, habelə Quliyevin 52 milyon dolları haqqında danışıb. Sabiq baş nazir Pənah Hüseyn isə deyib ki, Rəsul Quliyev psixoloji sarsıntı keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər