Türkiyənin Suriyadakı hərbi əməliyyatı davam edir. Ankara istədiyini əldə etməyənədək dayanmağı planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Yazıda qeyd olunur ki, müxtəlif dövlətlərin Afrin əməliyyatına reaksiyası müxtəlifdir:
“Türkiyənin tərəfdaşı Rusiya hələlik mane olmur, hərçənd ki, hərdən Moskvanın “narahatıq” bəyanatı eşidilir. ABŞ da hərbi əməliyyatlara görə Ankaranın ünvanına kəskin tənqid səsləndirmir, ancaq Suriya kürdlərini dəstəkləməkdən də imtina etmir. Ancaq Tehran son vaxtlar Türkiyəni Afrin əməliyyatına görə sərt tənqid etməyə başlayıb.
Artıq əməliyyatların 17-ci günüdür. Minə yaxın terrorçu öldürülüb və birdən Tehran bu əməliyyatı tənqid etməyə başlayır. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi fevralın 5-də bəyan edib ki, Türkiyə mütləq Afrində hərbi əməliyyatı dayandırmalı və öz qoşunlarını ordan çıxarmalıdır (?!). Bundan əlavə bildirib ki, Türkiyə mütləq Suriyanın ərazi bütövlüyünə hörmət etməlidir. Ankara hələlik İran XİN-in sözügedən bəyanatına reaksiya verməyib və bu düzgündür. İstənilən halda Tehran bəyanat səsləndirmək istisna olmaqla Türkiyənin hərbi əməliyyatını dayandıra bilməz. İran Rusiya kimi güclü deyil. Ankara Suriyada Rusiyanın maraqlarını nəzərə alır, İranın yox”.
Bəs İran nəyə görə Türkiyənin Suriya əməliyyatına qarşıdır?
“Atlas” bu suala cavab olaraq qeyd edir ki, ümumiyyətlə, Türkiyənin əməliyyatı İranın da maraqlarına cavab verir:
“Ona görə ki, Türkiyə kürd silahlıları ilə mübarizə aparır, hansı ki, onlar təkcə Türkiyədən deyil, Suriya və İrandan da muxtariyyət tələb edirlər. İran kürdlərə hər hansı muxtariyyət vermək niyyətində deyil. Ancaq buna baxmayaraq, Tehran Türkiyəni Suriya kürdləri ilə mübarizə aparmaqdan imtina etməyə çağırır. Güman etmək olar ki, bu çağırış birbaşa kürdlərlə bağlı deyil.
Əvvəla, Tehran Bəşər Əsədin müttəfiqidir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Bəşər Əsəd Türkiyəni “terrorçuların vasitəçisi” adlandırır. Tehran bu cür bəyanat səsləndirmir, ancaq bütün hallarda Əsədin mənafeyini nəzərə alır. İran Türkiyə ordusunun Suriyada uzun müddət qalacağından qorxur. Çünki Tehran bunu istəmir.
İkincisi, Tehran Ankaranın hərbi əməliyyatla bağlı daim Moskva ilə kontaktda olması faktını neqativ qiymətləndirir. İranın maraqlarını nəzərə almaması faktı Tehranı əsəbiləşdirir. Ona görə də Tehran sonuncu bəyanatla göstərmək istəyir ki, İran da Suriya ərazisində oyunçudur və Ankara bu faktorla hesablaşmalıdır”.
Qeyd olunur ki, Türkiyənin Suriyada hərbi əməliyyatlarının lap başlanğıcında Tehran da incə şəkildə Ankaranı tənqid edib:
“Həmin vaxt tənqid kəskin deyildi. Ancaq Tehranın ritorikası dəyişilir. Hərçənd ki, hərbi əməliyyatların başlanğıcında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefonla danışmışdı. Ancaq görünür, bu Tehran üçün azlıq təşkil edib. İran istəyir ki, Ankara hərbi əməliyyatların gedişi ilə bağlı Tehranı hər zaman məlumatlandırsın. Ancaq bu, mümkün deyil. Bu zaman elə anlaşılacaq ki, Türkiyə İrandan asılıdır. İranda Türkiyənin hərbi əməliyyatı ilə bağlı yekdil mövqe yoxdur. İranda müxtəlif qüvvələr Türkiyənin Suriyada apardığı hərbi əməliyyatı müxtəlif cür qiymətləndirirlər. Bir qism tənqid edir, başqaları susur, digərləri isə hesab edirlər ki, Türkiyənin Suriyada apardığı əməliyyata mane olmaq lazım deyil”.