11 Fevral 2018 13:49
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regiona səfər edərkən münaqişə tərəfləri olan ölkələrin razılığı ya da narazılığı nəzərə alınırmı? ATƏT-in şəxsi nümayəndəsi regiona səfər edərkən Azərbaycan tərəfi ilə hansısa məsləhətləşmələr aparırmı? Azərbaycan tərəfi il ərzində həmsədrlərin hansısa səfərinə qadağa qoya bilərmi?

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında deyib ki, münaqişə tərəflərinə rüblük hesabatlar təqdim olunur:

“ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan şəxsi nümayəndəsinin elçisi tərəfindən rüblük əsasında hesabatlar hazırlanır. Regiondakı mövcud vəziyyət onların monitorinqinin nəticəsi mexanizm olaraq hesabat şəklində ATƏT-in daimi şurasında olur. Bu zaman həmin hesabat ATƏT üzv dövlətlərinə, o cümlədən, münaqişə tərəfi olan Ermənistan və Azərbaycana təqdim edilir. Ona görə də onların fəaliyyəti ilə əlaqədar məsələlərdə Azərbaycan tərəfi ilə də məsləhətləşmələr aparılır”.

XİN rəsmisi həmsədrlərin də səfərlərindən danışarkən Azərbaycan tərəfi ilə məsləhətləşməni istisna etməyib:

“Həmsədrlər də regiona səfər edirlər. Onlar da səfərlərinin nəticəsi olaraq hesabatlarda çıxış edirlər. Bu hesabatları ATƏT üzv dövlətləri ilə nəticə etibarı ilə bölüşürlər. Danışıqlar prosesinin tərkib hissəsi olaraq bu məsələlərdə də Azərbaycan tərəfi ilə müəyyən məsləhətləşmələr aparır”.

Həmsədrlərin regiona səfər edilməsinə qadağa qoyulması fikirlərinə gəlincə, mətbuat katibi sualın bir qədər ritorik xarakter daşıdığını deyib:

“Ermənistan və Azərbaycan münaqişə tərəfləridir. Münaqişədə maraqlı tərəflər var. Həmin maraqlı tərəflər Dağlıq Qarabağın Ermənistan və Azərbaycan icmalarıdır. Həmsədrlər münaqişənin həlli məqsədi ilə Dağlıq Qarabağın Azərbaycan və Ermənistan icmaları ilə müəyyən görüşlər və təmaslar həyata keçirirlər”.

Xatırladaq ki, həmsədrlər fevralın 3-də Bakıya gələrək Azərbaycan rəhbərliyilə görüşüblər. Fevralın 7-də isə Ermənistana səfər ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər