Teleqraf.com Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə müsahibəni təqdim edir.
- Fazil bəy, dünən İosif Stalinin vəfatından 65 il keçdi. Azərbaycan kommunistlərinin bu tarixi yada salması, onu xatırlatması və hansısa formada qeyd etməsini necə qarşılayırsınız?
- Mən normal qarşılayıram. Çünki şizofreniya əlaməti daşıyan insanlar bütün əsrlərdə mövcud olub. Onlar üçün əsrin dəyişməsi, baş verən hadisələr ibrət dərsi götürmək üçün yetərli deyil. Onlar üçün idollar və bu idolların dəyişməzliyi var. Ona görə də belə davranmalıdırlar. Təəccüblü nə var ki? Azərbaycanda tibbi yoxlamadan keçən insanların böyük əksəriyyəti şüur baxımından inkişaf etmiş insan tipləri deyil.
Diqqət edin, bir neçə gün əvvəl İctimai Televiziya ziyarətgahların təbliği ilə bağlı xüsusi veriliş verdi. Hətta alim titulu olan bəzi insanlar da danışdı, ziyarətgahın əhəmiyyətini qeyd etdilər. Halbuki alim universitetin, institutun, elmin dəyərindən danışmalıdır. Sözsüz ki, gedib ziyarətgaha baş sürtən xalqın gələcəyində heç nə olmaz. Demək istəyirəm ki, yuxarıda qeyd etdiyim insan tipləri təkcə Stalinlə bağlı deyil. Yəni idollar axtaran insan tipləri çoxdur. Bu, bir sahənin problemi deyil. Bütün sahələrdə belə problemlər var. Odur ki, Stalinlə bağlı yazılara normal baxıram. Mən hələ onun ad və ölüm günlərinin daha böyük təmtəraqla qeyd edilməsini gözləyirəm.
- Bundan öncə 26 Bakı komissarlarının məzarı ziyarət edilmişdi, eləcə də 23 fevralda bəzi mağazalar SSRİ-dən qalma Kişilər günü münasibətilə endirimlər etdiyini elan etmişdi. Sizcə, Azərbaycana qarşı olan bu insan və bayramların təbliğatının aparılmaması haqda hansısa qanun və ya qadağalara ehtiyac varmı?
- Yox. Siz dediyiniz ölçü necə ola bilər? Baxın, əsrin əvvəllərində Azərbaycanı Nuru Paşa xilas edib, amma Bakıda Mustafa Sübhinin adına küçə var. Bu şəxs Türkiyə kommunistidir və onu heç kim tanımır. Bu halda necə olmalıdır? Erməni faşist Qaregin Njdeyə, Andranikə heykəl qoyub. Biz bunu qınayırıq. Amma erməninin prinsipi başqa cürdür. Onlara görə, kim ermənilərin torpağını qoruyub və ya düşmənlərinə qarşı vuruşubsa, qəhrəmandır. Onlar qəhrəmanlara bu prinsiplə baxır. Bizdə belə prinsip yoxdur. Ona görə də qəhrəmanımız Nuru Paşa olmayanda, alternativ qəhrəmanlar - 26 Bakı komissarları ortaya çıxır. Fəxri Xiyabanda bəzi məzarların üzərində “Müsavat cəlladları tərəfindən öldürülüb” ifadəsi var. Biz bunu hələ də saxlayırıq. Biz o boyda islam dinini az qala nadanlıq dininə çeviririk və qoruyuruq ki, bizim ənənəvi dinimizdir. Şeyx Nəsrullahın dinini özümüzün iman yeri adlandırırıq. Bu mənada hesab edirəm ki, belə məsələləri qanunla dəyişmək olmaz.
- Stalini, 26 Bakı komissarlarını bu şəkildə təbliğ etmək bizim üçün təhlükəli deyilmi?
- Yox. Heç bir təhlükə yoxdur. Sadəcə, biz buyuq. Biz sanki hər şeyi özümüzdə tapmış, analiz etmişik. Biz Qarabağ kimi problemin həllinin gerçək yolları haqda düşünməyən cəmiyyətik. Biz hətta ifadə işlədəndə “torpaqları bizə qaytaracaqlar”, “torpaqlarımız qayıtsın, biz ora gedəcəyik” deyirik. Sanki torpaq adamdır və bizə tərəf gələcək. Torpaq necə qayıda bilər? Torpağı azad etmək lazımdır. Demək istəyirəm ki, düşüncə və ifadə olaraq qüsurlar var. Stalin və digər kommunistlər məsələsinə gəldikdə bunu təhlükə kimi görmürəm. Sadəcə, bu bizim kim olduğumuzu göstərən amildir. Az sayda Azərbaycan ziyalısı bu tarixi, şəxsiyyətləri təftiş edərək, açıqlama verir, yeniləşməyə doğru addım atırlar. Hələ ki, cəmiyyət bunu həzm etməyə qadir deyil. Biz də davam edirik. Biz din əvəzinə geriliyi, mövhumatı tənqid edirik. Şeyx Nəsrullah kimi düşünməyi yox, islam dininin cəhalətə qarşı duran din olduğunu təbliğ edirik. Baxın, dini elə həddə gətiriblər ki, 10 minlərlə insan özlərinə xəsarət yetirərək dini yaşatdıqlarını düşünür. Biz bir çox məsələləri qaldırırq. Məsələn deyirik ki, tariximizə Dədə Qorqudun mədəniyyət formalaşdırmaq kontekstində yanaşmalıyıq. Görürsən ki, millətçisi, irançısı, digərləri dərhal birləşir. Çünki yeniləşmə anlayışına maraq göstərmirlər. Ona görə də Axundovu dəfn etmirdilər, Sabiri intihara məcbur edirdilər. Həmin cəmiyyətik.
- Martın 2-də Nuru Paşanın vəfatı günü idi. Onun adının əbədiləşdirilməsi ilə bağlı yenilik varmı?
- Bu adam Azərbaycanı xilas edib. Marsdan kimsə gəlib bizi xilas etməyib ki. Bu, tarixi faktdır və onu gizlətmək olmaz. Adamın haqqını verməsək, biz sabah belə naşükürlüklə hara gedəcəyik? Adam bizi xilas edib. Erməni uzaqdan gəlib bizləri qıranlara abidə qoyur, hörmət edir. Biz isə bizi xilas edənə haqqını vermək istəmirik.