13 Mart 10:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev eyni zamanda bildirib ki, Azərbaycan ilə Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev özünün Monteneqroya və Monteneqro Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrimizin möhkəmlənməsində rolunu vurğulayıb. Monteneqro parlamentinin sədri İvan Brayoviçin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirən dövlətn başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Monteneqro parlamentinin sədri İvan Brayoviç Monteneqro Prezidentinin və Baş nazirinin salamlarını dövlət başçısına çatdırıb. O, Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu deyib. Qonaq bildirib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İvan Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edib.

Dövlət başçısı Monteneqro Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Monteneqronun Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.


Müəllif: Teleqraf.com
Загрузка...