16 Mart 2018 17:10
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşü zamanı deyib.

Komitə sədri yeni təyinat münasibətilə səfiri təbrik edib, iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə səfiri məlumatlandıran Mübariz Qurbanlı dinə dövlət qayğısından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verir. Eyni zamanda, mütəmadi olaraq, müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm ili”, onun məntiqi davamı olaraq ötən ili “İslam Həmrəyliyi İli” elan etməsi buna ən yaxşı nümunədir.

Adel İbrahim Ahmed İbrahim səfir kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, ölkəmizdəki inkişafın, sabitliyin, dini dözümlülüyün yüksək səviyyədə olmasının əyani şahidi olduğunu deyib. Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrə toxunan diplomat iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfirə Dövlət Komitəsinin ərəb dilində nəşr etdirdiyi işğal altındakı maddi-mənəvi irsimizin məhv edilməsi faktlarının əks olunduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı təqdim edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər