28 Mart 2018 09:33
3 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Qərb münasibətləri getdikcə kəskinləşir və bu, yeni nüfuz dairələri uğrunda mübarizə ilə bağlıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, xüsusilə Rusiyanın superdövlət ambisiyaları bu mübarizəni bir qədər də tündləşdirir: “Rusiya necə deyərlər, yetənə yetir, yetməyənə daş atır. Qərb dövlətləri, nəhayət, Suriya, Ukrayna, Gürcüstan hadisələrindən sonra Rusiyanın cızığından çıxdığı qənaətinə gəldilər və ona qarşı sanksiyalar tətbiq etməyə bağladılar. Artıq sanksiyaların bir neçə mərhələsi ötüb keçib.

Görünür, sanksiyalar Rusiyanı tamamilə ağıllandırmayıb. Ona görə yeni sanksiyaların tətbiqi gündəmdədir.

Bu məsələdə ABŞ-ın xüsusi rolu var, amma son zamanlar Rusiya tərəfindən Londonda Rusiya baş kəşfiyyat idarəsinin polkovnikinin və onun qızının zəhərlənməsi bütün Avropanın səbir kasasını daşdırdı. Buna qədər də 21 nəfər analoji üsulla – “Radium”la zəhərlənmişdi. “Naviçok” isə qısa müddətdə xeyli insanı məhv etmək imkanına malikdir”.

Politoloqun fikrincə, son hadisələrdən sonra Böyük Britaniya hədsiz qəzəbləndi: “London hesab etdi ki, Rusiyanın atdığı addımlar onun suveren haqlarına hücumdur. Bir növ ölkədə kimyəvi silahın tətbiq edilməsinə bənzəyir. Doğurdan da, kiçik miqyaslı olsa da, bu, kimyəvi silah növüdür. Eyni amanda ən dəhşətli silah növlərindəndir. Müqavimət olmasa, bir neçə adam bu silahla London kimi şəhəri qısa müddətdə sıradan çıxara bilər.

Bu səbəbdən Böyüt Britaniya öz ölkəsindən Rusiya səfirliyinin bütün üzvlərini persona-non-qrata elan etdi. Dünən ABŞ-ın təşkilatçılığı ilə həmrəy şəkildə daha böyük aksiya həyata keçirildi. ABŞ əvvəl də Rusiyanın 23 diplomatını persona-non-qrata elan etmişdi. Yəni San Fransiskodakı konsulluğu bütünlüklə bağlamışdı. İndi isə başqa bir şəhərdəki konsulluğu tamamilə bağlayıb.

Rusiyanın ABŞ-da cəmi 3 konsulluğu var idi, onlardan ikisi bağlandı. Yenə də 23 nəfər diplomat ölkədən çıxarıldı. Avropa ölkələri də buna səs verdilər”.

Qabil Hüseynli bildirib ki, bütövlükdə Avropa Birliyinə daxil olan ölkələrdən Rusiya səfirliyinin əməkdaşını kəşfiyyata işlədikləri ittihamı ilə çıxarılır: “Bu, Rusiya tarixində görünməmiş hadisədir. Mənim zənnimcə, bu situasiyada normal dövlət başını itirərdi.

Bu prosesin Rusiyaya təsirinə gəlincə, getdikcə o, təklənəcək. Ardınca başqa addımlar atılacaq. Məsələn, Böyüt Britaniya öz ölkəsindəki rusiyalıların 50 min funt sterlinqdən yuxarı əmlaklarını yoxlamağa başlayıb. Hər kim 50 min funt sterlinqdən yuxarı əmlakının qaynağını sübut edə bilməsə, həmin əmlak müsadirə olunacaq”.

Politoloqun sözlərinə görə, Rusiyaya Avropadan çox böyük təzyiqlər olacaq: “Məsələn, bundan əvvəl İsveçrə banklarına göstəriş verilib ki, rus əmanətçilərinin adları açıqlansın və hər birinin nə qədər pulu olduğu göstərilsin. Düzdür, bu, mətbuata açıqlanmayacaq. Ümumiyyətlə, İsveçrə banklarının iş prinsipi ondan ibarətdir ki, öz əmanətçiləri haqqında heç bir məlumat yaymır.

Amma indi elə vəziyyət yaranıb ki, bank həmin məlumatları verməyə məcbur edilir. Nəticə etibarı ilə xaricdəki rusiyalılar çox çətin vəziyyətə düşə bilər. Yəni xaricdən Rusiyaya investisiya axını dayana bilər... Bir sözlə, hələlik tərəflərin savaşı psixoloji şəraitdə inkişaf edir. Bu müharibənin daha da böyüyəcəyini güman etmək mümkündür”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər