28 Mart 2018 16:59
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Ermənistana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər onun Ermənistan siyasi hakimiyyətinin əlində Azərbaycana qarşı istifadə edilən alət olduğunu növbəti dəfə təsdiqlədi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, xüsusilə də K.Zatulinin aprel döyüşlərinin əsl mahiyyəti ilə bağlı, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərlə bağlı yanaşmaları daha çox diqqəti cəlb edir, onun nə dərəcədə erməni mənafeyinə xidmət göstərdiyi, onların əlində bir alət olduğunu təsdiqləyir:

“Zatulin martın 26-da Ermənistan parlamentində keçirdiyi mətbuat konfransında aprel döyüşləri ilə bağlı reallıqları təhrif edərək bu hadisələrin başlanmasına görə məsuliyyəti birbaşa Azərbaycanın üzərinə qoyur. Guya Azərbaycan Rusiyadan aldığı silahları tətbiq etməyə başqa yer tapmadığı üçün məhz aprel döyüşlərində istifadə etdi, guya Ermənistan müdafiə vəziyyətində olub, atəşkəsi pozmayıb. Eyni zamanda, Zatulin Azərbaycan Prezidentinin səsləndirdiyi İrəvan və Zəngəzur kimi tarixi torpaqlarımıza qayıdışla bağlı fikrə diqqəti cəlb edib və beləliklə, erməni lobbisi və Ermənistan siyasi hakimiyyətindən nə qədər asılı vəziyyətdə olduğunu, onların tapşırıqlarını yerinə yetirdiyini növbəti dəfə sübut edib. Bu faktlar bir daha göstərir ki, Zatulin əslində Rusiya Dövlət Dumasına erməni lobbisinin dəstəyi ilə deputat seçilib və bu səbəbdən də birbaşa erməni mənafeyinə xidmət göstərir”.

E.Nəsirov vurğulayıb ki, əslində K.Zatulinin bu cür davranışı təəccüblü: “Çünki Zatulin 2010-cu il 11 noyabr tarixində Ermənistan prezidenti Serj Sarkisyandan "Şərəf" ordeni alarkən artıq erməni siyasi maraqlarının bir alətinə çevrilmişdi. 2011-ci ilin iyul ayında Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilmiş qondarma “parlament seçkiləri”ndə müşahidəçi statusunda iştirak edərkən də erməni siyasi dairələri əlində olduğunu təsdiqlədi. Zatulin separatçı rejimlərin dostudur”.

Deputat qeyd edib ki, K.Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinin bugünkü yüksək səviyyəsinə kölgə salan bir haldır və bu, eyni zamanda, Rusiyanın regionun lider dövləti olan Azərbaycanla bağlı siyasətinə uyğun gəlməyən bir davranışdır.

Trend


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər