30 Mart 2018 09:00
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores cavablandırıb:

- Cənab səfir, əvvəla Meksika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranma tarixindən bəhs etmənizi xahiş edirik...

- 1992-ci ilin əvvəllərində Meksika Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən oldu. Daha sonra iki ölkənin səfirlikləri fəaliyyətə başladı, Azərbaycan müvafiq olaraq 2007-ci ildə Meksikada öz səfirliyini açdı, Meksikanın Azərbaycandakı səfirliyi isə 2014-cü ildə öz işinə başladı, mən ilk səfir kimi 2015-ci ilin mayında Bakıya gəlmişəm. Əlbəttə, səfirliklərin fəaliyyəti və iki ölkə arasındakı əlaqələrin təşviq olunması nəticəsində bu münasibətlər daha da inkişaf edib. Məsələn, turizm sahəsində 2014-2016-cı illər üzrə 3 qat artım müşahidə olunub. Hələ ki əlimizdə 2017-ci ilin göstəriciləri yoxdur, amma bəzi istiqamətlərdə, o cümlədən ticarət sahəsində hətta 5 qat artım əldə edilib. Meksika İqtisadiyyat Nazirliyinin rəsmi göstəricilərinə görə, 1993-2015-cü illər ərzində ikitərəfli ticarətdə orta illik göstərici 1,5 milyon dollardan az idi. 2015-2017-ci illərdə isə bu göstərici 10 milyon dollara qədər yüksəlib. Bu isə 5-6 qat artım deməkdir. Azərbaycan tərəfinin rəsmi statistik göstəricilərinə gəldikdə isə qeyd etdiyim dövr ərzində 7 milyon dollardan 22 milyon dollaradək artım müşahidə edilib. Bu göstəricilərin nəticəsində bəlli olur ki, ikitərəfli ticarətin 50 faizi üçüncü ölkələr vasitəsilə həyata keçirilir. İxracatçılar hər hansı məhsulu Meksikadan digər ölkəyə göndərəndə yalnız bir ölkəni qeyd edirlər. Məsələn, Dubay Meksika məhsullarını idxal edib oradan Azərbaycana göndərirsə, bu misalda ixracı qəbul edən ölkə kimi Birləşmiş Ərəb Əmirliklərinin adı göstərilir. Amma Azərbaycan tərəfi məhsulları qəbul edəndə müvafiq rəsmi orqanlar Gömrük və Statistika Komitələri yalnız vasitəçi ölkənin məlumatlarını qeyd etmirlər, həmçinin bu məhsulun istehsal olunduğu ölkəni də siyahıya salırlar. Ona görə də göstəricilərdə fərq hiss olunur.

- Azərbaycan, əsasən, Meksikadan hansı məhsullarını idxal edir?

- Meksikadan Azərbaycana ixrac olunan məhsullar arasında neft sahəsinə aid bir sıra alətlər və qurğular, ələlxüsus borular və boruları birləşdirən, qazma işlərində istifadə olunan hissəciklər yer alır. İkinci sırada elektronika məhsulları, kompüterlər və mobil telefonlarda istifadə olunan yaddaş kartları və bu cür məhsullar, üçüncü növbədə isə şəkər dayanır. 2017-ci ildə Azərbaycan Meksikadan müəyyən qədər avokado meyvəsini idxal edib. Əlbəttə, bunun həcmi çox kiçikdir, ancaq bu sahədə artıq birinci addım atılıb. İkitərəfli ticari əlaqələrin təşviqi nəticəsində 2016-2017-ci illər ərzində Azərbaycan tərəfi Meksikadan 30-50 ad altında məhsul alış-verişi edib ki, onun həcmi 3-5 min dollara bərabərdir. Azmiqyaslı alış baş versə də, bu onun göstəricisidir ki, Azərbaycan Meksika məhsullarını tanımaq, bir növ sınaqdan keçirmək istəyir. Ölkənizin artıq Meksika iqtisadiyyatı haqda geniş məlumatı var. Əlbəttə, Azərbaycan bazarı da Meksika üçün maraqlıdır. Aprel ayının sonlarında Azərbaycanda Meksikanın İxracatçılar və İdxalçılar Assosiasiyalarının Nümayəndəliyi açılacaq. Bu nümayəndəlik Meksikanın xarici siyasət bürosu ilə birbaşa olaraq birgə fəaliyyət göstərir. Bu təşkilatın 3000 nəfərə yaxın tərəfdaşı var. Nümayəndəliyin açılması o deməkdir ki, Meksika-Azərbaycan ticarət əlaqələri yeni mərhələyə qədəm qoyur və daha da inkişaf edəcək.

- Azərbaycan və Meksika arasındakı siyasi əlaqələrin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Qeyd etdiyim ticari əlaqələrin təşviqi və inkişafı özünü siyasi arenada da əks etdirir. Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılıb. Onun birinci raundu 2008-ci, ikinci raundu isə 2016-cı ildə Bakıda baş tutub. Bu il siyasi məsləhətləşmələrin üçüncü raundunun Meksikada keçirilməsi nəzərdə tutulur. Digər mühüm məsələ isə 2017-ci ilin oktyabrında hökumətlərarası sazişin imzalanması ilə bağlıdır. Bu saziş 5 – elm, təhsil, gənclər, idman və mədəniyyət sahələrini əhatə edir. Artıq bu istiqamətdə hüquqi baza yaradılıb. Siyasi əlaqələrin inkişafı barədə iki ölkənin bir sıra təşkilatlara namizədlikləri zamanı qarşılıqlı şəkildə verilən dəstəyi xüsusi vurğulamaq istərdim. 2018-ci il hər iki ölkə üçün vacib bir ildir, belə ki, həm Meksikada, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Meksikada bu seçkilər iyulun 1-də baş tutacaq. Seçicilərin ümumi sayı 88 milyon nəfərdir. Əsas hazırlıq işi Milli Seçki İnstitutu tərəfindən aparılır. İkitərəfli münasibətlərin mühüm tərəfi də mədəniyyət sahəsindəki əlaqələrdir. Meksika səfiri kimi Bakıya gələndən sonra səfirlik tərəfindən bir sıra mədəni tədbirlər həyata keçirilib. Bu sırada rəssamlıq sərgisini qeyd etmək istərdim. 2015-ci ildə bu sərgi Bakıda baş tutmuşdu, 2016-cı ildə isə bu sərgini Azərbaycanın daha 4 şəhərində - Gəncə, Mingəçevir, Qəbələ və Şamaxı şəhərlərində təşkil etdik. Meksika səfirliyinin fəaliyyəti yalnız paytaxtla məhdudlaşmır, bütövlükdə Azərbaycan üçün səfirəm. 2016-cı ildə həmçinin Meksikanın məşhur və görkəmli heykəltəraşı Xorxe Marinin Heydər Əliyev Mərkəzində “Varlığın canlanması” adlı sərgisi keçirildi, bu sərgi 10 monumental heykəlin nümayişindən ibarət idi. Hər heykəlin hündürlüyü 2,5 metr, çəkisi isə 3 tondan çox idi. Sözügedən sərgi çoxsaylı tamaşaçının diqqətini cəlb edə bilmişdi.

- Ölkələrimiz arasında təhsil, səhiyyə sahələrində mübadilə həyata keçirilirmi? İki ölkə arasında hansı sahədə əməkdaşlığı dərinləşdirmək mümkündür?

- Əlbəttə ki, bu sırada çox da geniş olmayan mübadiləmiz var. Azərbaycanlı bir tələbə tibb sahəsində təhsil almaq üçün Meksikanın təklif etdiyi təqaüd proqramı əsasında ölkəmizə üz tutub. Bir az öncə qeyd etdiyim hökumətlərarası saziş sözügedən sahələrdə mühüm addımdır. İdman sahəsinə gəlincə, azərbaycanlı idmançılar çox vaxt çempionatlardan öncə Meksikaya üz tutub təlim-məşq toplanışlarını həyata keçirirlər.

- Buna səbəb nədir?

- Mexiko şəhəri yüksəklikdə yerləşir, idmançıların aldığı oksigen çempionatların keçiriləcəyi ölkələrlə müqayisədə daha azdır və onlar bir qədər çətin vəziyyətdə məşq edirlər ki, digər ölkələrdə qələbə qazanmaq daha asan başa gəlsin. Əsasən Azərbaycan boksçuları və taekvondoçuları bir sıra dünya çempionatları, son olaraq Avropa və İslam Həmrəyliyi Oyunlarından öncəki dövrdə Mexikoya məşq üçün getmişdilər.

- Bu, yeni informasiya oldu...

- Azərbaycanlı idmançılar üçün Mexiko şəhərində məşq keçirmək mürəkkəbdir. Çünki şəhər dəniz səviyyəsindən 2240 metr yüksəklikdə yerləşir. Bakı isə dənizlə eyni səviyyədədir. İdmançılarınız Mexikoya gedəndə oksigenə tələbatları artır və çətin prosesə öyrənmiş olurlar. Bununla da onlara başqa ölkələrdə qələbə çalmaq üçün yollar açılır.

- Ölkələrimiz arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz? Bir ildə təxminən neçə azərbaycanlı Meksikaya üz tutur?

- 2014-2016-cı illər ərzində ikitərəfli turizm əlaqələrinin səviyyəsi 3 qat artıb. Artıq azərbaycanlılar bilirlər ki, Meksika dünyanın 8-ci ən çox ziyarət olunan ölkəsidir. Keçirdiyim bir sıra görüşlərdə Azərbaycan tərəfinin nümayəndələri Meksikada olduqlarını söyləyirlər, bu mənim üçün çox xoş haldır. Dünya üzrə romantik turizmin 23 faizi Meksikanın payına düşür. Romantik turizm bir sıra önəmli tarixləri qeyd etmək üçün turizm növüdür. Məsələn, ad günü, toy, tanışlıq ildönümü, evlilik təklifləri kimi əlamətdar günlərin qeyd olunması üçün insanlar Meksikanı seçirlər. Azərbaycanlı turistlər isə daha çox qrup şəklində Meksikanı ziyarət edirlər. Ailə üzvlərinin, dostların da yer aldığı 15-20 nəfərlik qruplar, adətən, 2 həftəlik turlarla Karib dənizi sahilləri, “Sehirli kəndlər”, Akapulko və bu kimi digər görməli yerlərə baş çəkirlər. Turizm sahəsində digər mühüm məqamları da vurğulamaq istərdim. Hər iki xalqın oxşar cəhətləri və bir-biri ilə bölüşdüyü dəyərlər var. Bu sırada milli mətbəxin adını çəkə bilərəm. Həmişə onu qeyd edirəm ki, problemlərin həlli üçün təbiətin bizə verdiyi elementlərdən istifadə etməliyik və bu, özü-özlüyündə bir mədəniyyətdir. Hər bir xalqın fərqli vasitələri var. Azərbaycana gələndə gördüm ki, mətbəximizdə fərqlərlə yanaşı, oxşarlıqlar da çoxdur. Sizdə tərxun bitkisindən sərinləşdirici içki olan limonad hazırlanır. Bizdə isə ona estraqon deyilir ki, ondan yalnız mətbəxtdə ədviyyat kimi istifadə edirik. Bir gün pərpətöyünə rast gəldim, sizdə ondan ya turşu, ya da soyuq qəlyanaltı hazırlanır, bizdə isə o bitkidən isti yemək bişirilir. Yalnız qeyd etdiyim misallar deyil, rəssamlıq, foto incəsənəti kimi sahələrdə də oxşarlıqlarımız var. Mədəni tədbirlər vasitəsilə bu oxşarlıqları və fərqli cəhətləri nümayiş etdirmək istəyirik. Çünki mədəni mübadilə nəticəsində hər iki tərəf daha çox şeyləri öyrənir və birlikdə inkişaf edir.

- Bəs Tako təamı və ya tekila içkisinin dadı Azərbaycanda hansı təamlarla oxşardır?

- Mətbəxi mədəniyyətin bir nümunəsi hesab edirəm. Azərbaycanda lüləkabab, qutabın növlərini dadına, formasına və hazırlanma qaydasına görə tako ilə müqayisə edə bilərəm. Şəkidə pitinin dadına baxmışam. Pitinin dadı bizdə qoyun ətinin bulyonundan hazırlanan yeməyə oxşardır. Biz bilirik ki, həm Azərbaycan, həm də Meksika xalqı dadlı təamları xoşlayır. Hər iki mətbəxdə göyərti və tərəvəzlərə üstünlük verilir, soğan, sarımsaq və şüyüdlə bir sıra təamların dadını dəyişdirmək olur. İlk dəfə Azərbaycanda masanın üzərində göyərtiləri təbii şəkildə, doğranmamış halda görəndə çox təəccüblənmişdim, elə güman elədim ki, sadəcə dekor üçün qoyulub. Sonra digər masalara fikir verdim, gördüm ki, insanlar göyərtini təbii şəkildə yeyirlər, mən də həmçinin dadına baxdım və çox xoşuma gəldi. Məndə elə təəssürat yarandı ki, bu göyərtini özüm dərib gətirib masanın üstünə qoymuşam. Xoşuma gələn digər hal da kababı əllə yeməkdir. İnsan bu zaman özünü daha təbii hiss edir. Mətbəxdəki dadların müxtəlifliyi mənə Meksikanı xatırladır və özümü burada çox rahat hiss edirəm.

- Xanımınızla müsahibə zamanı dadlı lüləkabab bişirdiyini söyləmişdi. Sizin belə qabiliyyətiniz varmı?

- Mənim də mətbəx işindən çox xoşum gəlir. Həftə sonları oyanıb səhər yeməyi hazırlayıram, yumurta qızardıram. Yumurta bişirmək əslində insanlar tərəfindən asan iş kimi qəbul olunur, amma mən bu işə incəsənətin bir növü kimi baxıram. Yumurtanın düzgün şəkildə təqdimatı, əsl dadını hiss etdirmək məqamı da var. Müxtəlif desertləri hazırlamağı xoşlayıram. Yay aylarında kabab və qamburgerlərin hazırlamasına üstünlük verirəm. Bildiyiniz kimi, qamburgerlərin əsas inqridiyentlərindən biri kotletlərdir. İş kotletləri müəyyən qurğuya qoymaq, köz üzərində bişirməklə bitmir. Əslində ət düzgün şəkildə doğranmalı, müvafiq ədviyyatlar, soğan və cəfərinin düzgün miqdarda qatılmasına riayət etmək lazımdır ki, kotlerlərin tamı adamın ağız dadına uyğun olsun. Məhsullar eyni olsa da, hər adamın əlinin duzu var. Hətta bir bulyon bişirmək artıq insanın əl qabiliyyətinin nümayişidir. İnsan yeməyi ürəkdən, sevgi və ehtirasla hazırlayırsa, bu, yeməyin dadında öz əksini tapır.

- Mətbəx və mədəniyyət oxşarlığı, görünür, Sizə ölkəmizə uyğunlaşmaqda çətinlik yaşatmayıb. 3 illik müşahidələrinizə əsasən azərbaycanlıları necə xarakterizə edərdiniz?

- Azərbaycana gəlişim və ölkənizdə özümü rahat hiss etməyim yalnız mətbəxlə məhdudlaşmır. Burada özümü yaxşı hiss etməyim insanlardan gələn enerji ilə bağlıdır. Azərbaycanlılar bizi ürək açıqlığı ilə qarşıladılar. Özüm üçün dostlar qazanmışam. Əsas olan təkcə görməli yerləri gəzmək deyil, vacib məqam insanları tanımaq, onlarla dostluq əlaqələrinə daxil olmaqdır. Mən azərbaycanlılarla təmasda olanda görürəm ki, onlar çox səmimi insanlardır və mənə öz könüllərini açırlar. Sizinlə də müsahibə zamanı aramızda səmimi söhbət alındı ki, bu da mənim qiymətləndirdiyim vacib məsələdir.

- Cənab səfir, bir az öncə Azərbaycanla Meksikanın qarşılıqlı olaraq bir-birinə ən müxtəlif səviyyələrdə dəstək olduğunu bildirdiniz. Bəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Meksikanın mövqeyi nədən ibarətdir?

- Meksika bir ölkə kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi əsasında tezliklə həll edilməsinin tərəfdarıdır.

- Son zamanlar gündəmin əsas müzakirə mövzularından biri ABŞ prezidenti Donald Trampın meksikalılar barədə bəyanatlarıdır. ABŞ prezidentinin sərhəddə divarın hörülməsinə dair qərarına reaksiyanız necədir?

- Tarix boyu Meksika ilə Birləşmiş Ştatlar arasında sərhəddə bəzi yerlərdə hasar olub, bəzi yerlər isə açıq idi. ABŞ divarın tikilməsi məsələsini gündəmə gətirirsə, onun tikintisi və maliyyələşməsini öz üzərinə götürməlidir. Çünki bu, onların ideyasıdır və Meksika heç nə ödəməyəcək. Divarın hörülməsi problemlərin həlli demək deyil. Hər bir divar nə qədər hündür olsa da, onu müəyyən vasitələrlə üstdən də, altdan da keçmək mümkündür. Əslində, hər tərəflər arasında olan hər hansı bir anlaşılmazlıq və ya problem hasar və ya divar deyil, dialoq vasitəsilə həll olunmalıdır. Hazırda ABŞ-da 6 milyon iş yeri bilavasitə Meksika iqtisadiyyatından asılıdır. 6 milyon iş yerini ailələrə şamil etsək, bu, o deməkdir ki, hər ailədə təxminən orta hesabla 4-5 nəfər üzv varsa, bu, artıq 25 milyon şəxsin həyatını əks edirən mühüm göstəricidir. Meksikanın ABŞ-a olan ixracına gəlincə, ölkəmiz Birləşmiş Ştatlara mis ixrac edir. Sonra da Meksika misdən düzəldilmiş kabelləri əldə edir ki, onları nəqliyyat vasitəsilərinə, ələlxüsus avtomobillərə daxil edirlər, həmin avtomobillər eyni şəkildə ABŞ-a ixrac olunur. Bu, zəngin mübadilə və sənaye inteqrasiyanın bir nümunəsidir.

- Mədəni istirahətinizi necə təşkil edirsiniz? Azərbaycanda mədəniyyət, ədəbiyyat sahəsində tanınmış şəxslərdən kimləri tanıyırsınız və bəyənirsiniz?

- Bir sıra mədəni sahələr var ki, onlara çox bağlıyam. Boş vaxtlarımda şəkil çəkməyi, piano və fleytada ifa etməyi, həmçinin yazı yazmağı xoşlayıram, hər hansı ədəbiyyat nümunələri yaratmaqda maraqlıyam. Azərbaycanda Bəxtiyar Vahabzadə, Çingiz Abdullayevin yaradıcılığı ilə tanışam və xoşuma gəlir. Gənc yazar Nərminə Məmmədzadənin hekayələri məni heyrətləndirir. Əslində mədəniyyət elə bir sahədir ki, orada xalqın ruhunu tanıyırıq. Mən Azərbaycanın mədəniyyətinə yaxın olduqda, azərbaycanlıları daha yaxından tanıyıram. Mədəniyyət hər hansı əsəri yaratmaqla məhdudlaşmır, həmçinin gündəlik həyat tərzimizdir. Necə geyiniriksə, saçımızı necə darayırıqsa, hətta əl-üzümüzü necə yuyuruqsa, hər bir şey mədəniyyətdən gələn nümunələrdir. Səhər maraqlı mənzərəyə rast gəldim. Dənizi, onun dalğalarını dumanlı bir şəraitdə seyr etdim və həmin anı fotokameranın yaddaşına köçürdüm. Həmin ana bir ad qoyardım: “Duman Bakını yemək istəyir, amma Bakı özünü müdafiə edir”. Duman tədricən irəliləyirdi, sonra bütün Bakını bürüdü, ilk baxışda adama elə gəlirdi ki, hansısa yanğın nəticəsində çıxan tüstüdür.

- Bəxtiyar Vahabzadənin əsərlərini hansı dildə oxuyursunuz?

- Bəxtiyar Vahabzadənin əsərlərini Azərbaycan dilində oxumağa başlamışam. Az da olsa oxumuşam. Əcnəbi üçün Azərbaycan dilində əsərin tam məzmunu, şeirdə olan qafiyəni anlamaq müşkül məsələdir. Amma çalışıram ki, bunun öhdəsindən gəlim.

- Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edəndə Azərbaycan dilində bir neçə cümlə söylədiniz. Maraqlıdır, ölkəmizə gəlməzdən öncə dilimizi necə öyrənmişdiniz?

- Azərbaycan dilinin əsaslarını Bakıya gələndən sonra öyrəndim. Önümdə etimadnaməm vardı, əlavə olaraq Azərbaycan dilində mətn də yazılmışdı. Həmin mətnin oxunuşunu əvvəlcədən öyrəndim və etimadnaməni cənab İlham Əliyevə təqdim edəndə bir neçə cümlə dedim.

- Dilimizi xüsusi müəllimlə öyrənirsiniz?

- Xeyr. Səfirliyimizin əməkdaşları bu işdə mənə çox kömək edirlər.

- Vaxtilə Meksikanın “Sadəcə Mariya” serialı Azərbaycanda çox maraqla izlənilib. İnternet əsrində hansı telenovallanız yenidən bizim tamaşaçıları təəccübləndirə bilər?

- Bir çox serialların adını qeyd etmək olar. Məşhur seriallardan biri də “Mariyanın trilogiyası” adlanır, 3 fərqli serial olsa da, hamısı Mariya adlı personajla bağlıdır. Bu obraz “Sadəcə Mariya” serialındakı Mariya deyil, janr və nümayiş növü vaxtilə Azərbaycanda nümayiş olunmuş “Varlılar da ağlayır” serialına oxşayır. Mariya Mersedes, Mariya del Barrio, Mariya Marimar adlı seriallar “Mariyanın trilogiyası”na daxildir. Bir çox seriallar var ki, yenə də Azərbaycan tamaşaçısının diqqətini özünə çəkə bilər, mən sadəcə bir nümunənin adını çəkdim. Son illərdə meksikalı rejissorlar Oskar mükafatına layiq görülürlər, kinomatoqrafiya sahəsində Meksika son illərdə böyük addımlar atıb. Bu, inkişafın bir forması kimi özünü büruzə verir.


Müəllif: Nərgiz Ehlamqızı, Foto: Elnur Muxtar

Oxşar xəbərlər