Rusiya prezidenti Vladimir Putinin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırması onun Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır.
Teleqraf.com-un məlumatına görə, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu Vladimir Putinin Türkiyə səfərini şərh edərkən bildirib.
Onun fikrincə, Qərbin sanksiyaları Putinin yolunu bir çox Avropa ölkəsinə bağlayıb və mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer çox deyil: “Türkiyədə isə Akkuyu kimi dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının təməl daşı qoyuldu, S -400 raketlərinin satışı da tamamlandı, üstəgəl Putin Rusiya qazını Türkiyəyə və oradan Avropaya daşıyacaq “türk axını” boru xəttinin sürətli tikintisindən də razıdır. Ankara üçün vacib olan məqamlardan biri də Rusiyanın Türkiyə ordusunun Suriyada hərbi əməliyyata qarışmamasıdır. Ancaq Putin Ankaradakı ortaq mətbuat konfransında türkiyəli jurnalistlərdən birinin sualına cavabında PYD və YPG-nin adını çəkməkdən yayındı, tam əksinə dedi ki, Suriyanın yenidən qurulmasında kürdlərin də rolu olmalıdır. Yəni bu cavab Ərdoğanı türklər demişkən, razı salmadı. Olsun, əsas odur ki, Rusiya Amerika kimi Türkiyənin Suriyadakı hərbi əməliyyata mane olmaq istəmir. Ankaraya da elə bu lazımdır”.