12 Aprel 2018 21:14
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ilə bağlı yaranmış son gərgin vəziyyət Rusiya-Qərb qarşıdurmasının nəticəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq-diplomat Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Donald Trampın hakimiyyətə gəlişindən sonra iki ölkə arasında gərginlik daha da artıb:

“Rusiyanı müxtəlif məsələlərdə, o cümlədən Suriya rejiminin kimyəvi silahdan istifadəsinə göz yummaqda ittiham edirlər. Bəlkə də bu ittihamda müəyyən həqiqət var. Çünki Moskva Bəşər Əsədi açıq şəkildə dəstəkləyir. Onu silah-sursatla təmin edir. Orda indiyədək öz hərbi bazasını saxlayır və onu bağlamaq fikrində deyil. Əksinə, gücləndirməkdə davam edir. İndi də kimyəvi silahdan istifadə məsələsi gündəmə çıxıb. Burda əlbəttə ki, Trampın həddən artıq emosionallığı da öz sözünü deyir. Məsələ ondadır ki, Tramp çox emosional bir insandır”.

F.Sadıqov qeyd edib ki, hazırda gərginliyin bir qədər səngiməsi müşahidə olunur:

“Görünür, iki böyük dövlətin nümayəndələri razılığa gəliblər. Bu problemin həllində sağlam düşüncəli olmağın yerini heç nə verə bilməz. Həm Vaşinqtonda, həm də Moskvada anlamalıdırlar ki, iki nəhəng nüvə dövlətinin toqquşmasından təkcə bu iki ölkə deyil, bütün dövlətlər ciddi ziyan çəkəcək. Bunun bütün dünyaya neqativ təsirləri olacaq. Əgər Tramp Suriyada hansısa addım atmaq istəsə, yaddan çıxarmamalıdır ki, Moskva Dəməşqi özünə müttəfiq sayır və ona qarşı atılacaq addımlara cavab verəcək”.

Politoloq D.Trampın hərəkətlərindəki ziddiyyətləri nəzərdə tutaraq deyib:

“Məncə, Tramp nə istədiyini heç özü də bilmir. Bir tərəfdən bildirir ki, Suriyanı vuracam, sonra deyir ki, bunu başqa vaxta saxlayacam, daha sonra başqa bir fikir səsləndirir. Yəni, onun davranışlarında ziddiyyət doğuran subyektiv yanaşmalar həddən artıq çoxdur. Odur ki, ABŞ-Rusiya münasibətlərinin pisləşməsini istəyən digər dövlətlər də bu niyyətdən əl çəkməlidirlər. Onlar bilməlidirlər ki, bu iki dövlətin toqquşması ayrılıqda götürülən heç bir dövlətə fayda verə bilməz”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya hücumla bağlı yeni açıqlama yayıb. O, özünün Tvitter səhifəsində əməliyyatın vaxtının hələlik müəyyənləşmədiyini yazıb:

“Suriyanı çox tezliklə də vura da bilərik, gec də vura bilərik. Nə vaxt hücum edəcəyimizi heç vaxt deməmişəm. Mənim rəhbərliyimdə ABŞ Suriyadan İŞİD-in çıxarılması üçün böyük işlər görüb. Haqqımız olan “Təşəkkür edirik, Amerika!” ifadəsini isə eşitmirik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər