Trampın belə bir bəyanatla çıxış etməsi, əlbəttə, diqqəti cəlb edir. Bu, çox mühüm bəyanatdır.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq-diplomat Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Donald Tramp İranla ABŞ da daxil olmaqla “altılıq” ölkələri (ABŞ, Fransa, Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya və Almaniya) arasında imzalanmış sazişdən çıxmaq istəyirsə, bu addımı ata bilər:
“Amma bu, heç də o demək deyil ki, sazişə imza atan digər ölkələr də avtomatik bu addımı atacaqlar. Bundan başqa, mən Makronla Tramp arasında keçirilən mətbuat konfransında başqa bir məqama da fikir verdim. Makron bəyan etdi ki, bu məsələ ilə bağlı onlar arasında fikir ayrılığı var. Yəni, Fransa bu məsələdə ABŞ-ı dəstəkləmir. Mən belə başa düşdüm ki, Paris sazişdən çıxmaq niyyətində deyil”.
Bununla belə, F.Sadıqov ABŞ-ın sazişdən çıxmasının yaxşı heç nə vəd etmədiyini vurğulayıb:
“ABŞ böyük dövlətdir, supergücdür. Onun sazişdən çıxması vəziyyəti xüsusilə regionda daha da gərginləşdirə bilər. Çünki artıq neçə illərdir ABŞ-ın İrana olduqca sərt münasibəti nümayiş olunur. Tramp yeni prezident kimi çalışır ki, ondan əvvəl – Barak Obama tərəfindən imzalanmış bütün sənədləri ya ləğv etsin, yaxud onun əhəmiyyətini azaltsın və sair. Ona görə də mən bir tərəfdən düşünürəm ki, Vaşinqtonun bu addımı atması gərginliyə səbəb ola bilər. Amma eyni zamanda əminəm ki, ABŞ-ın bu sazişdən çıxması Amerika ilə Avropa ölkələri arasında yeni fikir ayrılığı, münasibətlərdə soyuqluq yaradacaq.
Düşünmürəm ki, sazişə imza atan Avropa ölkələri bu razılaşmadan asanlıqla çıxsınlar”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-də ABŞ-a səfər edib. O, Vaşinqtonda – Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşüb. Tərəflər Dəyirmi ofisdə keçirilən görüşdən sonra mətbuat konfransı düzənləyiblər. Mətbuat konfransında çıxış edən D.Tramp İranla nüvə razılaşmasının axmaqlıq və bərbad olduğunu bildirib. O deyib ki, bu nüvə razılaşması heç vaxt imzalanmamalı idi.
E.Makron isə onunla razılaşmayıb. Fransa Prezidenti bu sazişin Orta Şərqin təhlükəsizliyi üçün mühüm addım olduğunu deyib.