14 May 2018 21:26
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- ABŞ Prezidenti Donald Tramp İranla imzalanan nüvə sazişindən çıxdıqdan sonra Yaxın Şərqdə vəziyyət bir qədər də kəskinləşib. Bundan sonra nələr gözlənilir?

- Hesab edirəm ki, Trampın verdiyi qərarın bir necə istiqamətdə nəticələri olacaq. Məlum qərar xarici siyasət, diplomatiya və beynəlxalq münasibətlərdə ABŞ-ın nüfuzuna ziyan vuracaq. Nəzərə alınmalıdır ki, beynəlxalq hüquqda əhdə vəfa prinsipi və bağlanan beynəlxalq sazişlərə sadiq qalmaq öhdəliyi var. İndiki halda beynəlxalq münasibətlərdə əhdə vəfa prinsipi ABŞ tərəfindən pozulub. Və bu ABŞ-ın imzaladığı sazişlərə məhəl qoymadığını göstərir, onun imicinə zərbə vurur. Xatırladım ki, ABŞ bundan əvvəl Sakit okean tərəfdaşlıq anlaşmasından, habelə Paris müqaviləsindən çıxdığını bəyan edib. Bunları nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, Tramp hakimiyyətdə qaldıqca bu addımlar ABŞ-ın beynəlxalq nüfuzuna mənfi təsir göstərəcək.

Başqa bir nüans ondan ibarətdir ki, İranla sazişi imzalayan digər tərəflər, daha doğrusu ABŞ-ın müttəfiqi olan Böyük Britaniya, Fransa və Almaniya bəyan edib ki, sazişdə qalaraq Rusiya və Çinlə birlikdə fəaliyyət göstərəcəklər. Başqa sözlə, London, Paris və Berlin Donald Trampın bu qərarını dəstəkləməyib.

- ABŞ-ın məlum sazişdən çıxmasından sonra İranın mövqeyini necə şərh etmək olar?

- Konkret məsələnin nüvə proqramı tərəfinə gəldikdə, burada İranın hansı mövqedən çıxış edəcəyi əhəmiyyət kəsb edirdi. Tehran da sazişə sadiq qalacağını elan etdi. Bu da İranın nüvə proqramının dondurulması anlamına gəlir. Mayın 8-də Tramp ABŞ-ın sazişdən çıxdığı haqda sənəd imzaladı. Mayın 9-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə bu işlə məşğul olan Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri bəyan etdi ki, İran öz öhdəliklərinə sadiqdir və onu yerinə yetirir. Bu da BMT Təhlükəsizlik Şurasının İrana dəstəyi kimi qiymətləndirilə bilər. Bir sözlə, İranın və ABŞ istisna olmaqla digər ölkələrin sazişə sadiq qalması beynəlxalq sülh və təhlükəsizlik baxımından müsbət şərh edilməlidir. Amma ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasının dolayısı təsirləri müşahidə ediləcək.

- Söhbət hansı təsirlərdən gedir?

- ABŞ İranı terrorizmi dəstəkləməkdə, regional sabitliyi pozmaqda ittiham edir, İranın regionda artan nüfuzundan narahatdır və açıq şəkildə İranın regionda nüfuzunu məhdudlaşdıracağını, habelə rejim dəyişikliyinə çalışılacağına işarə edir. Bu da o deməkdir ki, regionda yeni gərginlik dalğası başlayacaq və İran məsələsi daha da aktuallaşacaq. Eyni zamanda bu, İranla yanaşı digər regional ölkələrə də təsirlər göstərəcək. Bu ilk növbədə hazırda böhran yaşayan və münaqişəsi olan ölkələrdə özünü göstərəcək. Məsələn, Suriyada, Yəməndə, Fələstində, İraqda və Əfqanıstanda özünü büruzə verəcək. Eyni zamanda İrana qonşu olan və daxili konflikt yaşanmayan ölkələrdə də bunun təsiri baş verəcək. Ermənistanda baş verən hadisələr, Gürcüstanda müşahidə olunan proseslər göstərir ki, yaxın perspektivdə ABŞ-ın nüvə sazişindən çıxması ilə İran istiqamətində gərginlik artacaq və bu da dolayısı ilə İrana yaxın regionlara təsirini göstərəcək. Sözsüz ki, bu hal regional və qlobal sülhə, sabitliyə mənfi təsir göstərir.

- İsrail ötən həftə Suriyadakı İrana aid hərbi bazalara sistematik hava zərbələri endirdi. Bu zərbələrlə Trampın qərarı arasında əlaqə varmı?

- Bəli, bunlar bir-birilə bağlı məsələlərdir. Göründüyü kimi, ABŞ İran məsələsində yalnız hərəkət etmir. Ona bu məsələdə yaxın müttəfiqi kimi İsrail və Səudiyyə Ərəbistanı dəstək verir. Eləcə də Birləşmiş Ərəb Əmirliyi və onun kimi ölkələr də ABŞ-la birgə hərəkət edir. Sonrakı mərhələdə buraya Fransa və Böyük Britaniyanın qoşulması gözlənilir. Rusiya ilə ABŞ-ın apardığı gizli danışıqlar nəticə verəcəksə, gələcəkdə Rusiya və Türkiyəni də bu prosesdə görmək mümkün olacaq. Bunlar proqnoz edilən və görünən məsələlərdir. Hazırda İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin prosesə qoşulması açıq şəkildə özünü göstərir. ABŞ çalışır ki, Səudiyyə Ərəbistanı başda olmaqla sünni ərəb dövlətlərini İranla konfliktə cəlb etsin. Hazırda belə bir münaqişə Yəmən və Suriyada davam edir, gələcəkdə isə bu münaqişənin həm miqyası artacaq, həm münaqişə zonalarının coğrafiyası genişlənəcək, həm də qarşıdurmalar şiddətlənəcək. Bunlar gözləniləndir və yeni-yeni ölkələrin bu prosesə qoşulacağı ehtimalı yüksəkdir.

- Bu prosesin sonunda siz böyük müharibə və çaxnaşma gözləyirsinizmi?

- Hər halda heç bir dövlət, xüsusilə qlobal güclər dünya müharibəsi istəmir. Onlar prosesin nəzarət altında davam etməsini və inkişafını istəyir. Bu səbəbdən də strateji müharibə olacaq və onun hərbi komponenti mümkün qədər məhdud olacaq. Çünki hərbi komponent böyüdükcə münaqişəni nəzarətdə saxlamaq çətinləşir. Ona görə də mümkün qədər hərbi komponenti və intensivliyi məhdud olan strateji savaşın şahidi olacağıq. Bu savaşda daha çox yumşaq gücdən istifadə olunacaq. Ancaq bu o demək deyil ki, hərbi güc komponenti olmayacaq. Fikrimcə, burada xüsusi təyinatlı qüvvələrin iştirakı ilə nöqtə əməliyyatları keçiriləcək, vəkalət savaşı gedəcək. Mümkündür ki, bu əvvəl İrandan kənar ərazilərdə həyata keçirilsin, sonradan isə İran ərazilərində aparılsın. Kəşfiyyat müharibələri, kiber savaşlarla paralel iqtisadi sanksiyalar müşahidə olunacaq. Bunlar strateji savaşın yumşaq güc komponentləridir.


Müəllif: Cavad