Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bununla bağlı Ermənistan xarici işlər nazirinin açıqlamasına da münasibət bildirib:
“Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan iyunun 7-də rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdükdən sonra Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib. Müsahibədə deyilənlərin çoxunu erməni rəsmilərin və diplomatların dillərindən illərdir eşidirik. Ancaq rusiyalı jurnalistin iki sulına verilən cavaba diqqət yetirməyə dəyər. Birinci sual belədir: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan güclü və stabil Ermənistanın varlığı mümkündürmü?”. Erməni nazirin cavabındakı ilk cümlə belədir: “Tamamilə doğru deyirsiz”. Yəni erməni nazir faktiki etiraf edir ki, münaqişə həll olunmadan Ermənistanın sabit və güclü olması mümkün deyil. İkinci sual budur ki, “Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane ola bilərmi?”. Erməni nazir sualdan qaçmağa çalışsa da, jurnalist ondan əl çəkmir. Yekunda erməni nazir bunu deyir: “Biz veto hüququndan istifadə edəcəyik”.
Baş nazir Nikol Paşinyanın Soçiyə gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi və Xarici İşlər naziri Zöhrab Mnatsakyan Moskvaya gedərək Lavrov qarşısında hesabat verməsi İrəvanın xarici siyasətində dəyişiklik olmadığını göstərir. Soçidə və Moskvada Ermənistanın yeni hakimiyyətinə çərçivələri göstəriblər və bundan kənara çıxa bilməyəcəyini anladıblar. O ki qaldı, Ermənistanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane olmasına, birincisi Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla eyni iqtisadi məkanda varlığı mümkün deyil. İkincisi, hipotetik olaraq Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlük istəyini bildirsə, Rusiya Ermənistana Azərbaycana qarşı veto hüququndan istifadə etməyə imkan verməyəcək. Çünki Rusiyaya Avrasiya İqtisadi Birliyində daha çox üzv lazımdır”.