11 İyun 2018 21:42
10 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

"1993-cü ilin fevralın 8-da prezident Elçibəyin rəhbərliyi ilə baş prokuror, milli təhlükəsizlik naziri, dövlət müşaviri və digər şəxslər Gəncədə səfərdə idi. Məhz bu ərəfədə AXC İcirayyə Komitəsinin məlum bəyanatı efirdə səsləndi. Bu bəyanat televiziyada oxunduqdan 10 dəqiqə sonra müdafiə naziri Rəhim Qazıyev mənimlə əlaqə saxlayıb əvvəl hədə-qorxu gəldi, daha sonra bəyan etdi ki, təyyarələri qaldırıb Prezident Aparatını darmadağın edəcək".

Teleqraf.com xəbər verir ki, bu fikirlər sabiq baş nazir Pənah Hüseynə məxsusdur.

O, bildirib ki, Rəhim Qazıyevin təhdidindən dərhal sonra müdafiə nazirinin müavini Vahid Musayevi, daxili işlər nazirinin müavini Rövşən Cavadovu Prezident Aparatına dəvət edib:

“Eləcə də Vahid Musayevdən xahiş etdim ki, Bakının hava hücumundan müdafiə sahəsinə nəzarət edən şəxsi də gətirsin. Dərhal Bakının hava hücumundan müdafiə qüvvələrinə həyəcan siqnalı verildi. Mənə bildirildi ki, artıq heç bir təyyarə və ya vertolyot Bakı səmasına daxil ola bilməz. Daha sonra Rövşən Cavadov polisə göstəriş verdi, Yevlaxdan Bakıya olan yollarda postlar quruldu. Əmr olundu ki, Bakıya gələn silahlı dəstələr tərki-silah edilsin”.

Pənah Hüseynov əlavə edib ki, daha sonra Gəncədə olan Prezident Əbülfəz Elçibəylə əlaqə saxlayıb:

“Bizə əks-kəşfiyyat xidmətindən məlumat daxil olurdu ki, Gəncədə bir hərəkətlilik müşahidə olunur. Prezidentə baş verənlərlə bağlı məlumat verdim və dedim ki, Gəncəni tərk etmək lazımdır. Bundan sonra prezident Gəncə hava limanına gedib. Lakin prezidenti hava limanına buraxmaqdan və onun təyyarəsinin hava sahəsindən uçmasına icazə verilməyib. Hava limanının ətrafı müəmmalı silahlılar tərəfindən mühasirəyə alınıb. Biz bilirdik ki, bu Sürət Hüseynovun silahlı qruplarıdır. Hava limanının rəisi rəsmi şəkildə prezidentin təyyarəsinə uçuş icazəsi verməyəcəyini bəyan edib. Bundan sonra prezidentin mühafizə xidmətinin silahlı müdaxiləsi nəticəsində prezidentin təyyarəsi işıqlarını yandırmadan Bakı istiqamətində havaya qalxıb”.

P. Hüseyn əlavə edib ki, onlara daha sonra informasiya daxil olub ki, Mingəçevir Su Elektrik Stansiyasının mühafizəsinə cəlb edilən SS-20 raketlərinə həyəcan siqnalı verilib:

“Bu raketlərin əhatə dairəsi 40-60 kilometrdir. Lakin bir qədər sonra prezidentin təyyarəsindən mənə bildirildi ki, təyyarə 60-70 kilometrlik sahədən uzaqlaşıb. Mən daha sonra dövlət adamlarından xahiş etdim ki, prezidenti qarşılasınlar. Daha sonra bizə informasiya verdilər ki, Rəhim Qazıyev Yevlax rayonunda görünüb. Lakin onun mühafizə dəstəsi tərki silah olunub, özü təkcə Bakıya gəlir. Saat 11.00-radələrində Qazıyev Prezident Aparatına gəlib çıxdı. Prezident Bakıya gəldikdən sonra biz hesab etdik ki, təhlükə aradan qalxıb. Yəni hər şey nəzarətə götürüldü”.

Sabiq baş nazir əlavə edib ki, Mingəçevirdə SES-i qorumalı olan SS-20 raketlərindən birinin prezidentin təyyarənə atılması maddəsi ilə cinayət işi qaldırılıb:

“Bu sənəd prokurorluğun arxivində qalır. Həmin cinayət işində adı keçən Namiq Ələsgərov adlı şəxs mənimlə təsadüfən həbsxanada olmuşdu. O təsdiq etdi ki, həqiqətən də həmin dövrdə Ruslan (Zobik) adlı şəxs tərəfindən həyəcan siqnalı verilmişdi. Namiq Ələsgərova qaldırılan cinayətlərdən biri də prezidentin təyyarəsinin vurulması haqqında idi. Bu cinayət işini bizdən sonrakı hakimiyyət açmışdı”.

Sabiq deputat əlavə edib ki, bu hadisənin sabahı Sürət Hüseynovun adamları Gəncədə hakimiyyəti götürüb:
“Az sonra Yevlaxda buna təşəbbüs göstərilib. Bundan sonra Sürət Hüseynovun ilkin reaksiyası oldu. O, “Millət” qəzetinə bildirdi ki, bu bəyanata görə, prezident ondan rəsmən üzr istəməlidir. Əks halda xalq nə etsə, mən də onu edəcəyəm. Ancaq sonradan Sürət Hüseynov Gəncə və Yevlaxda dəstək qazana bilmədi, xalq onun səsinə səs vermədi. Bundan sonra Sürət Hüseynov mənimlə əlaqə saxladı. Bakıya gəldi, prezidentlə görüşdü. Sürət Hüseynov görüşdən sonra Gəncəyə getmək istəyərkən Daxili İşlər Nazirliyi onu həbs etmək istəmişdi. Bu zaman prezidentə məlumat verilmişdi. Prezident isə açıq bildirmişdi ki, onun dəvət etdiyi şəxs həbs edilməsin. Bundan sonra Sürət Hüseynov çıxıb Gəncəyə getdi”.


Müəllif: Cavad

Oxşar xəbərlər