15 iyun müasir Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik əlamətdar bir gündür. Məhz 1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin qurtuluş günü oldu.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.
Onun sözlərinə görə, hakimiyyət sükanının arxasına keçən Heydər Əliyevə ölkədə hökm sürən hərc-mərclik, separatçılıq meylləri, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə bir-birini əvəz edən uğursuzluqlar, iqtisadi tənəzzül və tamamilə boş dövlət xəzinəsi miras qalmışdı: “Lakin Ulu öndərin güclü siyasi iradəsi, təcrübəsi və uzaqgörənliyi xalqımızı və dövlətimizi məruz qaldığı çətin hərbi, siyasi və iqtisadi böhrandan çıxardı”.
Deputat vurğulayıb ki, ölkəmizdə və regionda baş verən proseslər, daima inkişaf edən iqtisadiyyatımız, hər an döyüşə və qalibiyyətə hazır ordumuz Heydər Əliyev siyasi kursunun alternativi olmadığını göstərir: “Bu siyasi kurs Azərbaycanı regionunun siyasi, hərbi, iqtisadi güc mərkəzinə çevirib. Azərbaycan xalqının hələ neçə-neçə gənc nəsli bu böyük məktəbdən - Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”.