BMT-nin baş katibi Antonio Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına sətiraltı cavablar verdilər.
BMT-nin baş katibi suala sanki konkret cavab verib, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir. Ancaq bu cavabda da qüsur var.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmaq yox, onu yerinə yetirməlidirlər, yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir:
“Sergey Lavrov isə verilən suala ikibaşlı cavab verib. Birincisi, o deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub, onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”.
Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb. Lavrovun sözlərində belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu?
Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir? Əlbəttə, yerinə yetirməzlər. Qətnaməni qəbul edən təşkilatın və qətnaməyə səs verən əsas ölkənin təmsilçiləri qətnaməni yerinə yetirməyən ölkənin adını çəkmədikləri bir yana, qətnamənin yerinə yetirilməsini də vacib saymırlar”.