Bakıda keçirilmiş hərbi parad Azərbaycan ordusunun potensialını və gücünü ortaya qoydu. Bütün dünya gördü ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və dövlət maraqlarının qorunması üçün qətiyyətli siyasət yürüdür, işğalçı tərəfə güzəştə getməyəcək, ərazi bütövlüyümüzün bərpa olunması ideyasından çıxış edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq hesab edir ki, Bakı paradı beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətində köklü dəyişikliklər yaradacaq:
“Beləliklə, Azərbaycanın Qarabağla bağlı ikili standartlara qarşı atacağı addımlara beynəlxalq dəstək də təmin ediləcək. Hesab edirəm ki, Azərbaycan buna nail olacaq. Azərbaycan öz hərbi gücü ilə diplomatik masada söz sahibinə çevriləcək və mövqeyi möhkəmlənəcək. Bundan sonrakı mərhələlərdə Azərbaycanın əli hissediləcək dərəcədə güclənəcək. Buna görə də, Ermənistan tərəfi ehtiyatlı qərarlar verməlidir, indiki qüvvələr nisbətində özü üçün nəticələr çıxarmalıdır.
Ermənistanın kiməsə arxalanaraq, Azərbaycandan güzəşt tələb etmək dövrü artıq arxada qalıb. Çünki danışıqlar prosesinin pozulmasının alternativi müharibədir ki, bu vəziyyətdə Azərbaycana beynəlxalq dəstəyin veriləcəyi də mümkündür. Bu baxımdan, münaqişənin substansiv metiodlarla həll edilməsi məsələsi gündəmə gələcək. Beləliklə, Azərbaycan danışıqlarda söz sahibi olacaq”.
Qabil Hüseynlinin sözlərinə görə, Bakıdakı paraddan sonra Ermənistan rəsmiləri yumşaq danışmağa başlayıblar: “Artıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi faktoru Ermənistanın da gündəminə çıxarılıb. İlk dəfədir ki, Ermənistanda belə fikirlər səsləndirilir. Əlbəttə, ermənilər yenə də manevrlər edəcəklər və müxtəlif siyasi qüvvələri köməyə çağıracaqlar. Amma indən sonra bu siyasi manevrlərin işə yarayacağını düşünmürəm. Çünki ortada işğal faktı var”.