10 İyul 2018 19:13
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan öz hakimiyyətinə təhlükə törədə biləcək şəxsləri zərərsizləşdirməklə məşğuldur. Bu baxımdan, Sərkisyan və yaxın ətrafının hədəfə alınması təsadüfi deyil. Qənaətimə görə, Serj Sərkisyan Moskvanın təlimatı ilə hakimiyyətdən müvqqəti olaraq uzaqlaşıb. Bu baxımdan, Rusiyanın Qərbyönümlü Paşinyana belə asanlıqla təslim olacağı inandırıcı görünmür.

Politoloq Nəzakət Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistanda maraqlı proseslər cərəyan edir. Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət keçmiş prezident Serj Sərkisyan və tərəfdarlarına qarşı hücuma keçib. Bu, hücumun pərdəarxası məqamları haqda nə deyə bilərsiz?

- Paşinyanın Sərkisyan və yaxın adamlarına qarşı hücuma keçəcəyi gözlənilən idi. “Qarabağ klanı”, yaxud, Sərkisyanın başçılıq etdiyi komandaya daxil olan şəxslər Rusiyaya sadiq adamlar idi. Demək olar ki, əksəriyyəti Rusiyanın təhlükəsizlik və xüsusi xidmət orqanlarına bağlı idilər. Serj Sərkisyanın özünün isə Rusiyanın Baş Kəşfiyyat İdarəsinə bağlı olduğu heç kəsə sirr deyil.

Sərkisyandan fərqli olaraq Nikol Paşinyan isə ABŞ-da ən güclü erməni diaspor təşkilatı olan Erməni Assambleyasının və yəhudi lobbisinin köməyilə hakimiyyətə gəlmiş şəxsdir. Ona verilmiş ən mühüm vəzifə Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdir. Bura nüfuzlu diplomatlar və oliqarxlar daxildir. Məsələn, yaxın günlərdə Sərkisyanın “Saşa 50/50” ləqəbli qardaşı Aleksandr Sərkisyan həbs edildi. Çünki o, Ermənistandakı “kölgə iqtisadiyyatı”nı əlində saxlayırdı. Sahibkarların qəniminə çevrilmiş Aleksandr Sərkisyan onlardan zorakılıq yolu ilə külli miqdarda maddi vəsaitlər alırdı.

Başqa sözlə, Paşinyan öz hakimiyyətinə təhlükə törədə biləcək şəxsləri zərərsizləşdirməklə məşğuldur. Bu baxımdan, Sərkisyan və yaxın ətrafının hədəfə alınması təsadüfi deyil. Qənaətimə görə, Serj Sərkisyan Moskvanın təlimatı ilə hakimiyyətdən müvəqqəti olaraq uzaqlaşıb. Bu baxımdan, Rusiyanın Qərbyönümlü Paşinyana belə asanlıqla təslim olacağı inandırıcı görünmür. Özünə qarşı olan hərəkəti susqunluqla izləmək Kremlin təfəkkürünə ziddir. Hesab edirəm ki, Rusiya fürsət tapan kimi revanş almağa, özünə ayxın qüvvələri hakimiyyətə gətirmək üçün hərəkətə keçəcək. Buna görə də, Sərkisyanın qiyamla hakimiyyəti ələ keçirməyəcə cəhd edəcəyi gözləniləndir.

- Payızda Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, həmin qüvvələr Paşinyana qarşı hansı addımları ata bilərlər? Yəni, seçkilərin fürsət kimi dəyərləndirilməsi mümkündürmü?

- Paşinyan növbədənkənar seçkilərə getməkdə maraqlıdır. Çünki hakimiyyətin icra strukturlarında apardığı “təmizlik” hakimiyyəti tamamilə ələ almağa imkan vermir. Qanunverici orqanlarda da Sərkisyan tərəfdarlarını təmizləmək lazımdır. Hazırda Sərkisyanın partiyası parlamentdə üstünlükdədir və bu, Paşinyanı narahat edir. Buna görə də, seçkilərlə bağlı tərəflər arasında ziddiyyət var.

Məsələn, Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Bağdasaryan brifinqdə dedi ki, Respublika Partiyası 2022-ci ildə keçiriləcək seçkilərə hazırlaşır. Paşinyan isə bunu təkzib edərək bəyan edib ki, payızda seçkilər olacaq və biz bunu görəcəyik. Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbərliyi isə bildirir ki, Seçki Məcəlləsi dəyişə bilər. Prezident Armen Sarkisyan isə bildirib ki, növbədənkənar seçkilər məsələsinə parlament qərar verməlidir. Parlamentdə isə çoxluq dediyimiz kimi, Respublika partiyasının tərəfindədir və deməli, növbədənkənar seçki məsələsinə onlar qərar verməlidir.

Gördüyümüz kimi, bu məsələdə dərin ziddiyyətlər var, hər siyasi qüvvə öz marağına uyğun olaraq növbədənkənar seçki məsələsinə yanaşma ortaya qoyur. Lakin Paşinyan bir ay öncə hökumətin proqramını açıqlayaraq erkən seçkilərin ən uzağı bir il müddətində keçirilməsinin vacibliyini vurğuladı. Paşinyan hələ küçə aksiyaları zamanı xalqa erkən parlament seçkiləri vəd etmişdi.

Ziddiyyətlər fonunda Paşinyanın A planı bu olacaq ki, Respublika Partiyası ilə razılıq əsasında erkən seçkilərə getsin. Bu baş tutmasa, o zaman Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsi qarşısında iddia qaldıra bilər ki, Seçki Məcəlləsindəki reytinq sistemini Konstitusiyaya zidd sistem kimi tanısın. Bu da baş tutmasa, o zaman referendum yolu ilə erkən seçkilər təyin oluna bilər.

- Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan bildirdi ki, Ermənistan yeni hakimiyyətlə danışılar prosesinə yenidən qayıdır. Bu, danışıqların yeni mərhələsidir. Gözləntiniz nədir, Paşinyanla dil tapmaq mümkün olacaqmı?

- Paşinyan hökumətinin mövqeyi Rusiyanın Minsk qrupunun həmsədri kimi danışıqlarda rolunun azaldılmasına, ümumiyyətlə, Qarabağ məsələsində mövqeyinin zəiflədilməsinə, bu məsələdə monopoliyasına son qoyulmasına, eyni zamanda, Qarabağın erməni icmasının danışıqlarda tərəf kimi tanınmasına istiqamətlənib. Rusiya artıq buna reaksiya verib. İlk dəfə Rusiya XİN-də brifinq zamanı buna mənfi münasibət ortaya qoyuldu. Daha sonra isə bu yaxınlarda Rusiya siyasi elitasına daxil olan şəxslərin Cocuq Mərcanlıya səfəri zamanı orada səsləndirilən fikirlər Rusiyanın bu məsələdəki mövqeyinin Azərbaycanla yaxınlığını göstərdi.

Hazırda Ermənistan hərbi, siyasi, diplomatik müstəvidə Azərbaycandan xeyli zəif durumdadır. Status-kvo bu cür davam edərsə, Azərbaycanın münaqişəni öz xeyrinə həll etməsi mümkündür. Hesab edirəm ki, bizim üçün yaxşı fürsət yaranıb.

- Nəzakət xanım, Paşinyan və komandası NATO və Avropa İttifaqı ilə münasibətləri genişləndirir. Rusiyadan hələlik səs çıxmır. Sizcə, Moskva İrəvana qarşı hansı addımları ata bilər?

- Ermənistan hazırda Qərbyönümlü siyasət yeritməyə çalışır. Bu da təbiidir. Paşinyan hələ deputat olarkən təmsil olunduğu “Yelk” fraksiyası Ermənistanın KRMT və Avrasiya İttifaqından çıxamaq məsələsini gündəmə gətirmişdi. Paşinyan indi də, onu hakimiyyətə gətirən qüvvələrin planlarına uyğun olaraq, Ermənistanı Rusiyanın təsirindən çıxarıb NATO-ya yaxınlaşdırmaq istəyir.

Lakin Rusiyanın buna mane olacağı bəllidir. Bu, hətta onun çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər. Ermənistanın NATO ölkəsinə çevrilməsi Rusiya ilə yanaşı, İranın da geosiyasi maraqlarına uyğun deyil. Bu yaxınlarda İran səfiri Ermənistanın müdafiə naziri ilə görüşüb. Böyük ehtimalla görüşdə həm Ermənistanın Qərb və NATO ilə yaxınlığından duyulan narahatlıq dilə gətirilib, həm də İrəvandan Ermənistan ərazisindən İrana qarşı ABŞ-ın kəşfiyyat fəaliyyətinin aparılmasına imkan verilməməsi tələb edilib. Ermənistan hazırda böyük güclərin qarşıdurma, geosiyasi ziddiyyətlər və kəşfiyyat poliqonuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər