Türkiyədə keçirilmiş prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etməsi, xoşagələn jest idi. Bu səfər dünyaya verilmiş ciddi mesajdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zəlimxan Məmmədli deyib.
Politoloq hesab edir ki, Türkiyə kimi güclü dövlətin qlobal böhran fonunda Azərbaycanı dəstəkləməsi, ölkəmizin xeyirinə olan amillərdən biridir:
“Türkiyə yeni siyasi dönəmə qədəm qoydu. Türk milləti öz seçimini etdi. Prezident Ərdoğan ilk səfərini Azərbaycana etdi və buradan önəmli mesajlar verildi.
Anti-Azərbaycan siyasi və hərbi güc mərkəzləri zaman-zaman Azərbaycanın milli maraqlarını, hətta müstəqilliyini təhdid edirlər. Bu fonda bu səfər Azərbaycanın düşmənlərinə sərt mesaj idi ki, Türkiyə Azərbaycanın yanındadır, bunu bilin. Həm də Qarabağ qeyd-şərtsiz Azərbaycanın olacaq - bu da Ermənistana sərt sillədir”.
Zəlimxan Məmmədlinin qənaətinə görə, Türkiyənin Avropa İttifaqı, NATO və ABŞ-la münasibətlərinin normal müstəviyə istiqamətlənməsi meyli də, Türkiyənin regionda əsas söz sahibinə çevrildiyinə işarədir.
O qeyd edib ki, bölgənin söz sahibi olan Türkiyə ilə münasibətlərin sıxlaşdırılması yalnız xeyirimizə ola bilər.