Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın Brüsselə səfərindən sonra aydın oldu ki, Avropa Birliyi və ABŞ Ermənistana maliyyə yardımını artırmaq niyyətində deyillər. Əsas səbəb də ondan ibarətdir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi ölkənin xarici siyasətində ciddi dəyişikliyə gətirib çıxartmadı.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Politoloq qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi hal hazırda Rusiyanın təsirindən çıxmaq iqtidarında deyil:
“Özlərinin də dediyi kimi baş verən inqilab geosiyasi hadisə kimi deyil, daxili hadisə kimi dəyərləndirilməlidir. Belə olan təqdirdə Qərb ölkələri də haqlı olaraq “biz niyə Ermənistanın Avrasiya İttifaqında və KTMT-da (ODKB) qalmasını maliyyələşdirməliyik?” deyə soruşa bilərlər.
Hakimiyyətə gəldiyi zaman Paşinyanın, “Dağlıq Qarabağ danışıqların iştirakçısı olmalıdır, olmasa biz danışıqlarda iştirak etməyəcəyik” səsləndirdiyi bəyanatını tənqid etmişdim. Olduqca populist bəyanat idi. Mövqeyim də ondan ibarət idi ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Əgər Paşinyan Ermənistanda avtoritarizmə və korrupsiyaya qalib gəlmək istəyirsə Rusiyanın təsir orbitindən çıxmalıdır. Bunun üçün də Qarabağ problemini həll etməlidir. Problemin həlli yolu da Azərbaycanla razılaşmadan keçir. Bir sözlə Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil”.
Azər Qasımlının sözlərinə görə, belə olmur. İki gün əvvəl Gümrüdəki Rusiya hərbi bazasında baş verən növbəti insident bir daha göstərdi ki, Ermənistanın müstəqilliyi hələ də təhtid altndadır: “Ola bilsin ki, Paşinyan Ermənistanda baş verən inqilabi dəyişiklikdən sonra ABŞ və Avropa Birliyinin Gürcüstana və Ukraynaya verdiyi dəstəyi Ermənistana da əsirgəməyəcək. Lakin Qərb ölkələri korrupsiyaya qarşı mübarizənin nəticələrini, erməni hakimiyyətinin xarici siyasət məsələlərində müstəqil qərarvermə imkanlarını görməlidirlər. Bu da yuxarıda dediyim kimi Azərbaycanla danışıqlardan asılı olacaq”.