Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşü barədə məlumat yayıb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirlərin təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşləri olub.
Nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər. Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini müvafiq olaraq məhz Ankara və Bakıya etmələrinin Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsini olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan ilə Türkiyə arasında dövlət başçıları səviyyəsində fəaliyyət göstərən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının xüsusi əhəmiyyətini qeyd edərək, Şuranın 31 oktyabr 2017-ci il tarixində Bakıda və 25 aprel 2018-ci il tarixində Ankarada keçirilmiş iclaslarının ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin inkişafında başlıca rol oynayan amillər kimi səciyyələndiriblər.
Azərbaycan ilə Türkiyə arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini qeyd edən nazirlər artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin əhəmiyyətinə toxunublar. Tərəflər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının praktiki vacibliyini qeyd ediblər.
Nazirlər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu vurğulayıblar. Mövlüd Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha vurğulayaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Türkiyənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən məmnunluq bildirilib və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə razılıq ifadə olunub.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
18:34
Xarici işlər nazirlərinin təkbətək görüşü başa çatıb.
Teleqraf.com xəbər verir ki, hazırda xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətləri ikitərəfli danışıqlar aparır.
Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada iki qardaş ölkə arasındakı əməkdaşlığın qarşıdakı dövrdə daha da güclənəcəyi bildirilib.