ABŞ-İran münasibətləri artıq köklü şəkildə gərginləşməyə başlayıb. Öz radikallığı ilə tanınan Prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə radikal diplomat Con Boltonu gətirməsi İrana qarşı sərt addımların atılacağını proqnozlaşdırmağa kifayət edirdi.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, ümumiyyətlə, ABŞ-ın müvafiq qurumları 1979-cu il islam inqilabından bu yana İranda hakimiyyət dəyişikliyi arzu edir və ya planlar qurur:
“Hazırda isə Tramp İranda hakimiyyət dəyişikliyi üçün qollarını əməlli-başlı çırmayıb. Elə administrasiyadakı son dəyişiklikdə də bunu sezmək olar. Trampın Boltonla bərabər xarici siyasəti etibar edib dövlət katibi vəzifəsinə gətirdiyi Mayk Pompeo da təhlükəsizlik orqanlarına aid şəxsdir. İrandakı rejim nə qədər ayaq üstdə qalmağa çalıssa da bir çox sahədə böhranla üzləşəcəyi qaçılmazdır. Bu isə ali lider Əli Xamneyi başda olmaqla İran elitasını narahat etməyə bilməz.
İranda tez-tez baş verən mitinqlər də xalqın bu vəziyyətdən çox sıxıldığının bir göstəricisidir. Ali liderlə çevrəsi artıq açıq şəkildə Prezident Həsən Ruhaniyə münasibətdə sərt mövqedən çıxış edir və baş verənlərdə onu günahlandırırlar. Həqiqətən də islahatçı prezident nüvə məsələsini həll etmək üçün İranın güzəştə gedərək razılığa gəlməsinin ən düzgün variant olduğunu sübut etməyə çalışırdı. Ruhani bu məqsədə nail olmaq üçün çox böyük əziyyətlər çəkdi. Çünki Xamneyi bu məsələdə Qərbə güvənməyin lazım olmadığını israrla bildirirdi.
Buna baxmayaraq sonda prezidentin istədiyi oldu və İran Qərblə razılığa gəlmək üçün hərəkətə keçdi. Ancaq Trampın əcaib qərarları bütün planları pozdu və Ruhaninin nüfuzunu yerlə bir etdi. Bundan sonra siyasi elita içərisində prezidenti Qərbə aldanmaqda ittiham etməyə başladılar kı, bu da onun siyasi karyerasının sonu demək idi”.
Z.Əmrəliyev hesab edir ki, Qərb İrana hücum etsə, bu nəinki İran, bütün region üçün fəlakətin təməli olacaq: “İraq və Əfqanıstandan İŞİD, “Əl-Qaidə” və “Taliban” kimi radikal qrupların İrana gəlməsi, ölkənin özündə isə şiə dirənişçilərin meydana atılması baş verəcək. Bir sözlə İran “Böyük Suriya” olacaq. Bununla belə düşünürəm ki, İrana hərbi müdaxilə ən son variantdır”.
Siyasi şərhçi digər bir ehtimaldan da danışıb: “Son variantlardan biri İranda ali rəhbərin xeyir-duası ilə hakimiyyət dəyişikliyi ola bilər. Düzdür, islam respublikasının 40 illik siyasi həyatında çevrilişə rast gəlinməyib, amma bu dəfə bu risk var. Məsələn, İnqilab Keşikçiləri Korpusu məşhur generalı Qasım Süleymaninin başçılığı altında çevrilişlə hakimiyyəti ələ keçirə və Qərbə qarşı əməli addım atan mühafizəkar hökuməti iş başına gətirə bilər.
Unutmayaq ki, korpusun “Qüds” Qüvvələrinin komandanı olan general ali liderin hərbi elita içərisindəki nümayəndəsi sayılır və çox dəstəklənir. O, xaricdə apardığı uğurlu əməliyyatlar səbəbindən İranda milli qəhrəman qismində qəbul olunur. Bu yaxınlarda İranda keçirilən bir rəy sorğusu əhalinin 65 faizinin Süleymanini İranın yeni prezidenti kimi görmək istədiyini üzə çıxarıb.
Sorğu nəticəsində Ruhaninin nüfuzunun 50 faizdən az olduğu məlum olub. Bu mənada əgər Süleymani ölkənin sükanını əlinə alıb xalqı Qərbə qarşı səfərbər edə bilsə, o zaman “Trampın gəmisi” körfəzin sularında batacaq”.