Sərkisyan Xankəndinə gedə bilər, ancaq onun sabah İrəvana qayıtmayacağını heç kim deyə bilməz. Nəzərə almaq lazımdır ki, işğal prosesindən sonra Dağlıq Qarabağın “respublika” görüntüsü yaradılsa da, burada söz sahibi Ermənistan rəhbərliyidir.
Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ermənistanın sabiq prezidenti Serj Sərksiyanın İtaliyada istirahətdən sonra birbaşa Xankəndinə getməsinin səbəbləri haqqında danışarkən deyib.
Politoloq xatırladıb ki, Dağlıq Qarabağda dayanan Ermənistan ordusudur:
“Orada Ermənistan pulu işləyir, Ermənistan polisi var, Ermənistan pasportu işləyir və Ermənistan təhlükəsizlik xidməti işləyir. Bu mənada Serjikin İrəvandan Xankəndinə getməsi özünün təhlükəsizliyini təmin etmək üçün deyil. Görünür, bu səfərlə Serj ciddi hadisələr öncəsi siyasi xal qazanmaq istəyir. Xatırladım ki, Robert Köçəryan həbsdən əvvəl müsahibəsində deyirdi ki, mən Qarabağ müharibəsinin qəhrəmanıyam, Dağlıq Qarabağın ilk prezidentiyəm və s. Serj Sərksiyan çox gözəl bilir ki, onun həbs edilməsi məsələsi ortaya çıxa bilər. Odur ki, bu ərəfədə şəxsi xal qazanmaq istəyir. Bu məqsədlə də Xankəndinə səfər edib, orada dayanıb”.
Z.Əlizadə deyib ki, Sərksiyanın həbs olunması ehtimalı realdır:
“Onun həbs edilməsi ehtimalı realdır. Robert Köçəryan Serj Sərkisyandan qat-qat güclü fiqurdur. Ancaq həbs olundu. Serjik də həbs edilə bilər. Heç kəs zəmanət verə bilməz ki, Serjik erməni femidası tərəzisinin gözünə qoyulmayacaq. O, çoxsaylı cinayətlərinə, korrupsiyaya, oğurluğa, seçki saxtakarlığına görə mühakimə oluna bilər. Çünki zamanında çoxlu cinayətlər edib. Onun həbsi üçün bəhanəyə də ehtiyac yoxdur”.