13 Avqust 2018 18:35
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir. 1992-ci ildən bəri Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanması ilə bağlı keçirilən görüşlər, aparılan danışıqlar nəhayət, məntiqi sonluqla yekunlaşdı. Məlum olduğu kimi, sənəd üzərində iş 1996-cı ildən aparılmağa başlanıb. 2003-cü ildə Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atılıb. 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi töhfə verib, “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. 2018-ci ilin mart ayında İranın Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri zamanı imzalanan Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu Konvensiyanın razılaşdırılması istiqamətində böyük önəm daşıyır. Sevindirici haldır ki, Konvensiya uzun illərdir ki, Xəzər hövzəsindəki mövcud ziddiyyətli məqamlara son qoyacaq, yeni əməkdaşlıq platforması yaradacaq.”

Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər regionda gələcəkdəki uğurlu əməkdaşlıqlardan, sülh və sabitliyin daha da möhkəmləndirilməsindən xəbər verir: “Regionda sülh və mehriban qonşuluq siyasəti həyata keçirən Azərbaycan xarici siyasət kursunda daim bu prinsipləri əsas götürüb. Elə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrə nəzər salsaq görərik ki, bütün bunlar sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı münasibətlərin qurulmasına və daha da genişləndirilməsinə xidmət edir. “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır… Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib.” bildirən möhtərəm Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Qeyd etdiyimiz kimi, ümumilikdə Azərbaycan regional sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Konvensiyanın imzalanmasında mühüm məqamlardan biri də Xəzər hövzəsində dondurulmuş və mübahisəli yataqların birgə işlənilməsi ilə bağlı olacaq: “Azərbaycan uzun illərdir ki, Xəzər hövzəsindən hasil etdiyi enerji resurslarını Avropaya ixrac edir. Məlum olduğu kimi, XXI əsrin layihəsi adlandırılan və dünyanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsinin əsas təbii qaz mənbəyi “Şahdəniz” qaz-kondensat yatağıdır. Göründüyü kimi, ölkəmizin sahib olduğu enerji resursları milli maraqlarımıza, xalqımızın mənafeyinə uyğun istifadə olunmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amildir. Şübhəsiz ki, Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan Konvensiyadan böyük iqtisadi fayda götürəcək, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneələr aradan qaldırılacaq. Bu gün mütəxəssislərin hesablamalarına görə, Xəzərin şelfində 50 milyard barrel neft və 9 trilyon kubmetr qaz yataqları var. Bu yataqların istismarı isə Xəzəryanı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bununla yanaşı, daha çox yataqların kəşf olunacağı da mümkün proqnozlar sırasındadır.”

Vüqar Rəhimzadə əlavə edib ki, Konvensiya beynəlxalq yükdaşımalarda da Xəzəryanı ölkələrin rolunu daha da artıracaq: “Yeni əməkdaşlıq platforması beynəlxalq yükdaşımalarında Xəzər beşliyi ölkələrinin payının artmasına gətirib çıxaracaq. Bu gün Avropa İttifaqı ilə Çin arasında yük daşımalarının 3 faizi regionun payına düşür. Mövcud razılaşmadan sonra bu rəqəm artacaq, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına yeni təkan verəcək. “Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır” deyən möhtərəm Prezidentimiz Zirvə toplantısında çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, ölkələri bir-birinə yaxınlaşdıran, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər