15 Avqust 2018 14:27
3 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət liderlərindən heç kim bir neçə gün əvvəl azadlığa çıxmış Real Partiyasının sədri İlqar Məmmədovu ziyarət etməyib.

Teleqraf.com-a bu barədə Real Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Natiq Cəfərli məlumat verib.

Partiya rəsmisi sadəcə olaraq, bəzi müxalifət sədrlərinin İ.Məmmədova zəng edərək təbrik etdiklərini diqqətə çatdırıb:

“İlqar Məmmədova həbsdən azad edildiksən sonra həm Müsavat rəhbərliyi, həm də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəhbərliyindən zəng edərək onu təbrik etdilər. Partiyaların rəhbərliklərində təmsil olunan bəzi şəxslər evində görüşüblər, amma hələ ki, pariya sədrlərinin birbaşa təması olmayıb.

Bildiyim qədər nə Arif Hacılı, nə İsa Qəmbər birbaşa görüşməyib, amma Əli Kərimli zəng edib təbrik edib”.

Əli Kərimlinin Real rəhbərliyi ilə münasibətlərinin soyuq olması artıq sosial şəbəkələrdən bəllidir. Müsavat rəhbərliyinin susqunluğu isə sual yaradır. Əcəba, İlqar Məmmədovun azadlığa buraxılması müxalifətin ürəyincə olmadımı? Bu mənada, AXCP və Müsavat tərəfdarlarının sosial şəbəkələrdə İlqar Məmmədovun azad edilməsi ilə bağlı passiv fəaliyyəti də diqqətdən yayınmır. AXCP sədri yalnız Real sədri azadlığa çıxan gün onu sosial şəbəkədə qısa paylaşımla təbrik edərək, məsələyə bir daha qayıtmadı. Aradan keçən 5 günə yaxın vaxt ərzində isə ənənəvi müxalifət liderlərindən heç kim İlqar Məmmədovla bağlı heç bir aşıqlama verməyib. Bu, jurnalist Xədicə İsmayılın da deyəsən, “narahatlığına” səbəb olub. O, Facebook sosial şəbəkəsindəki hesabında türk müğənnisi Sezen Aksunun “Hər şey fani” mahnısını paylaşaraq “bu da dünəndən öz sevincinin ifadə edə bilməyənlərə ərməğan olsun” deyə müxalifət liderlərinə rişxənd edib...

Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkədə Əli Kərimli və İlqar Məmmədov arasında keçirilmiş virtual səsvermədə Real sədrinin qalib gəlməsi, partiyaların rəhbərlikləri arasında gərginliyə səbəb olmuşdu. Cəbhəçilər realçıları saxtakarlıqda – səsvermənin nəticələrini dəyişdirməkdə ittiham etmişdilər.

Belə görünür ki, müxalifətdaxili xırda intriqalar bundan sonra da davam edəcək.

Qeyd edək ki, avqustun 13-də Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər