ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü sanksiyalar iqtisadi yox, daha çox siyasi səbəblərlə bağlıdır. Türkiyə hökumətinin gördüyü tədbirlər nəticəsində lirənin kursunun enməsinin qarşısı bir qədər alındı. İnanırıq ki, Türkiyə bu sınaqdan üzüağ çıxacaq və düşmənlərin sevinməsinə imkan verməyəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əlaqələrinin sıx olduğuna toxunan deputat qeyd edib ki, Türkiyə iqtisadiyyatındakı dəyişikliklər qardaş ölkə ilə iqtisadi əlaqələri olan ölkələrə müəyyən mənada təsir göstərir: “ABŞ Türkiyənin onun diktəsi ilə hərəkət etməsini istəyir. Birləşmiş Ştatlar öz maraqlarının təmin olunması üçün Türkiyəni məcbur etmək, ondan nəyisə qoparmaq niyyətindədir. Lakin Türkiyə qüdrətli dövlətdir və bu mərhələni də arxada qoyacaq”.
Elman Məmmədov ABŞ-la Türkiyə arasında gərginlik fonunda ermənilərin aktivləşdiyini söyləyib: “Düşmənlərimiz Türkiyənin düşdüyü duruma görə sevinir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulması ilə bağlı bəyanat yaydı.
Ermənistan tarixən Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edib. Bu günə kimi Ermənistan Konstitusiyasında Türkiyə adlı dövlət tanınmır, Türkiyənin xeyli ərazisi Ermənistan ərazisi kimi göstərilir. Ermənilər türklərə qarşı törətdikləri soyqırımı rəsmi Ankaraya qarşı çevirib maddi və mənəvi təzminat, üzr tələb edirlər. Azərbaycan torpaqları işğal olunduğuna görə bu gün Türkiyə ilə Ermənistan arasında sərhədlər bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla əlaqələrin qurulmasından söhbət gedə bilməz.
Türkiyə diplomatik münasibətlərin yaxşılaşmasını istəyən Ermənistan qarşısında şərt qoya bilər ki, erməni xəstəliyindən irəli gələn bütün sərsəm iddialardan əl çəkin və qardaş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edin. Yalnız bu halda qonşuluq mümkündür”.