Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması təqdir olunacaq hadisədir. Konvensiyanın bir necə mühüm aspektləri var - hərbi, siyasi, iqtisadi və ekoloji. Bunlar vacib məsələlərdir.
Bu fikirləri Teleqraf.com-a avqustun 12-də Aktau şəhərində Xəzərin hüququ statusuna dair imzalanmış konvensiya haqqında danışan hərbi ekspert Azad İsazadə deyib.
O bildirib ki, sovet dövründə Xəzər dənizinə faktiki iki dövlət çıxırdı - İran və SSRİ:
“Üstəlik, İranın Xəzərdə hərbi donanma saxlamaq hüququ yox idi deyə burda yalnız SSRİ-nin hərbi donanması mövcud idi. SSRİ süqut etdi, Xəzəryani 5 dövlət ortaya çıxdı və Xəzərdə donanmalar yarandı. Xəzərin statusu olmadığından bəzən problemlər yaranır, dövlətlər bir-birinə ərazi iddiaları irəli sürürdü. Bunu yoluna qoymaq üçün 25 il aparılan danışıqların nəticəsində tərəflər arasında razılaşma əldə edildi.
Xəzər dövlətlərinin qəbul etdiyi konvensiya Xəzərdə həm hərbi qüvvələrin olmasını təsdiq edir, həm də hərbi baxımdan sükut yaradır. İkincisi və daha vacibi odur ki, Xəzərdə dinc mərhələ dövrü başlanır. Xəzər dövlətləri burada xarici qüvvələrin yerləşməsini qarşı olduğunu ifadə edir. Fikrimcə, bu da müsbət hadisədir və Xəzərin dinc mərhələyə daxil olmasından xəbər verir.
Üçüncüsü, Xəzərin hüququ statusu haqqında konvensiya imzalandıqdan sonra Türkmənistan dənizin dibi ilə Bakıya qaz borusu çəkməyə razılıq verdi. Bu iqtisadi baxımdan Azərbaycana dividentlər gətirən hadisədir.
Nəhayət, konvensiyanın imzalanması ilə ölkələrin bir-birinin ərazisinə, habelə neft yataqlarına iddialarından vaz keçmiş oldu. Məsələn, qonşu İran Azərbaycanın bəzi neft yataqlarına iddia edirdi. Türkmənistanla da bununla bağlı problem vardı. Konvensiyanın imzalanması ilə bu problemlər də öz həllini tapmış oldu.
Başqa sözlə, 5 Xəzər dövləti razılığa gələrək dənizdə dinc dövrün başlamasına qərar verdilər. Bu, müsbət hadisədir. Azərbaycan hər zaman Xəzərdə sakitliyin və qarşılıqlı əməkdaşlığın tərəfdarı olub”.
Mütəxəssis hesab edir ki, uzun illər aparılan gərgin danışıqlar nəticəsində Xəzərin hüququ statusunun müəyyən olunması və Xəzəryani dövlətlərin bunu qəbul etməsində Azərbaycan diplomatiyasının da payı var: “Unutmaq olmaz ki, Azərbaycan tərəfi danışıqlar prosesində daim müsbət təkliflər irəli sürüb, danışıqların uğurla nəticələnməsi üçün əlindən gələni edib. Mən konvensiyanın imzalanmasını Azərbaycan üçün uğurlu hesab edirəm”.