21 Avqust 2018 15:21
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region ölkələrində valyutaların düşməsindən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur. Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bu isə ABŞ-la Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir:

“Rusiya rublu da yaxşı durumda deyil. Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludlar”ın çəkildiyini söyləmək tezdir.

ABŞ Prezidentinin son tviti avroya yenidən nəfəs qazandırır. Donald Tramp Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı siyasətini tənqid edib. Belə görünür ki, Tramp administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın “ucuz dollar, böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə o zaman avronun yenidən möhkəmlənməsi mümkündür”.

Vüqar Bayramov əlavə edib ki, qlobal və regional valyuta bazarındakı dəyişikliklər milli valyutamıza da psixoloji təsir göstərir:

“Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da yenə də əvvəlki aylarla müqayisədə yüksəkdir. Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görünür ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır.

Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil.

Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələbin yenidən yüksələcəyi gözlənilir”.


Müəllif: Səxavət