Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin Azərbaycan səfəri iki ölkəni maraqlandıran ümumi problemlərin həlli baxımından əhəmiyyətli ola bilər.
Bunu Teleqraf.com-a açıqlamasında Borçalı Cəmiyyətinin sədri, siyasi analitik Zəlimxan Məmmədli deyib.
O, Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu və regionla bağlı bir sıra məsələlərin həlli baxımdan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bildirib:
“Azərbaycan və Gürcüstan Avropanın təhlükəsizliyi ilə bağlı bir sıra beynəlxalq layihələrdə iştirak edir. Baş nazirin səfəri eyni zamanda, iki ölkənin təhlükəsizliyi ilə bağlı ola bilər. Digər yandan, Gürcüstanda yaxınlaşan seçkilərin də bu səfərdə müzakirə edilməsi mümkündür. O cümlədən, Cənubi Qafqazda Rusiya, Nikol Paşinyan və milli separatçılıq faktorları bu səfəri zəruri edib. Amma səfərin daha çox iqtisadi xarakterli olduğunu düşünürəm. Bu baxımdan da səfər çərçivəsində iqtisadi layihələrin əsas müzakirə mövzusu olduğu qənaətindəyəm”.
Zəlimxan Məmmədli gürcü baş nazirin səfərinin regional amilinə də toxunub: “Bölgəni silkələyəcək siyasi, yaxud geosiyasi hadisə baş verməyib, sabit vəziyyət mövcuddur. Buna görə də hansısa təlatümlü məsələnin ortaya qoyulması gözlənilən deyil”.