“Feysbuk” sosial şəbəkəsinin Ermənistan seqmentində ölkədən Rusiya hərbi bazasının çıxarılmasına aktiv şəkildə çağırış edən səhifə yaradılıb.
Teleqraf.com xəbər verir ki, səhifənin müəllifləri 102 saylı Rusiya hərbi bazasının onların ölkəsinin maraqlarını təmin etmədiyini və mütləq respublika ərazisindən çıxarılmalı olduğunu yazırlar. Məsələ Rusiya KİV-lərinin də diqqətini cəlb edib. “Kubanskie novosti” (kubnews.ru) saytında bununla bağlı qələmə alınan “Əslində Ermənistanda kimə “haydı, yaxşı yol!” deyilməlidir” başlıqlı məqalədə aşağıdakı fikirlər yer alır:
“Bu çağırış zamanı erməni xalqının təhlükəsizliyini təmin edən bir hərbi bazanın fəaliyyətinin 2015-ci ilin yanvarında bir ailəyə qarşı qırğın törədən və məhkum olunan Valeri Permyakovun hərəkəti ilə eyniləşdirilməsinə cəhd edilir. Həmçinin, səhifədə Rusiya Prezidenti Vladimir Putinin təhqiramiz karikaturası yerləşdirilir.
Bu nədir? Niyə birdən-birə bu ölkənin sakinləri müdafiə qabiliyyəti və özünün varlığı Rusiyanın “dostluq süngüsü”ndən asılı olan, onların həyatına zəmanət verən hərbi obyektə qarşı virtual üsyan qaldırırlar? İki suala cavab tapmaq vacibdir: müəllif kimdir və bu dalğa kimə sərfəlidir?
Deməli belə. Bu səhifə “Soros” fondunun Ermənistandakı ofisinin keçmiş əməkdaşı, az öncə ölkə hökumətində işə başlayan Daniel İonisyana bağlıdır. O, hazırda Ermənistan baş nazirinin birinci müavini Ararat Mirzəyanın başçılıq etdiyi Seçki Məcəlləsi islahatı komissiyasının tərkibində əlaqələndirici işləyir. Onun əsas köməkçisi isə Ararat Mirzəyanın keçmiş mətbuat katibi Karpis Paşoyandır. Paşoyan Azərbaycanla 2016-cı ilin aprelində baş verən müharibədə həlak olan erməni əsgərlərinin ünvanına yolverilməz ifadələr işlətdiyi üçün işdən azad olunub. Necə deyərlər, Sorosun yetirmələri bütün gücləri ilə çalışırlar ki, rusofob komplekslərini təmin etsinlər”.
Yazıda bildirilir ki, İrəvandakı yeni hökumətin Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə dair çağırışlarının formal təsir bağışladığına dair davamlı təəssüratlar yaranır:
“Amma əslində daxili informasiya sahəsində ölkə rəhbərliyi tərəfindən başlanmış ciddi anti-Rusiya kampaniyasının əhatə dairəsi tədricən genişlənir. Bütün bunlar isə normal insanlarda narahatlıq doğurmaya bilməz. Çünki əgər işlər belə getsə, onda “milyarder Sorosun uşaqları”, ondan pul mədaxil edənlər nəhayət, Rusiya qoşunlarının Ermənistandan getməsinə nail olacaqlar. Bəs bundan sonra ermənilər Ərdoğan Türkiyəsi ilə qonşuluqda nə edəcəklər?”