1 Sentyabr 2018 18:29
1 685

Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə sentyabrın 7-də keçirilməsi nəzərdə tutulan üçtərəfli sammitin məkanının Tehrana dəyişdirilməsi İranın Azərbaycanın paytaxtı olan Təbrizi qlobal səviyyədə qabartmaq istəməməsi ilə bağlı ola bilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, dünyanın diqqəti məhz üçtərəfli sammitin keçirildiyi bölgədə olacaq və belə olduğu təqdirdə görüşü Tehrana salmaqla dolayısı ilə nəzərləri İranın paytaxtına cəlb etmək istəyirlər: “Bu, İran tərəfindən Azərbaycan əyalətinə olan qısqanclıqla bağlı ola bilər. İkinci versiya təhlükəsizliklə əlaqədardır. Hələlik bu yöndə konkret informasiyalar yoxdur. Çox yaxın zamanda onlarla xarici casus İran kəşfiyyatı tərəfindən həbs olundu. Ola bilsin kəşfiyyat müəyyən informasiya var ki, Təbrizdə təhlükəsizlik problemi ortaya çıxa bilər”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə üçüncü zirvə toplantısının keçirilməsi nəzərdə tutulmuşdu. Türkiyənin Tehrandakı səfiri Rza Xaqan Təkin açıqlamasında Ərdoğan, Putin və Ruhani arasında Suriya məsələsi ilə bağlı keçiriləcək zirvə görüşünün Təbrizdən Tehrana köçürüldüyünü bildirib. Üç lider arasındakı bu görüş Soçi və Ankaradan sonrakı üçüncü zirvə toplantısıdır.


Müəllif: Kəmalə