Teleqraf.com professor, siyasi analitik Əli Abbasovla müsahibəni təqdim edir.
- Əli müəllim, Suriya, xüsusilə İdlib hazırda qlobal güclər arasında müzakirə və mübahisə mövzusudur. Siz, İdliblə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Suriyada bir zamanlar Bəşər Əsədə qarşı vuruşan silahlı qüvvələrin mütləq çoxu indi İdlibdə cəmləşib. Zamanında bu silahlı dəstələrə imkan verilib ki, digər regionları tərk edərək İdlibdə yerləşsinlər. İndi isə Rusiya, İran və Bəşər Əsəd bu qüvvələri məhv etmək niyyətinə düşüb. Silahlı müxalifət də ailələri ilə birlikdə İdlibdə yerləşib. Təxmini rəqəmlərə görə, orada 50 mindən çox silahlı müxalifətçi var. Onlar siyasi və terrorçu qüvvələrdən ibarətdir. Problem ondadır ki, Qərb ölkələri İdlibə quru hücumlarına qarşı çıxır. Rusiya və İran isə İdlibə hücumu vacib sayır. Türkiyə isə fərqli mövqedədir. Ankara anlayır ki, İdlibə hücum olsa, güclü qaçqın axını ilə üzləşməli olacaq. Söhbət milyonlarla insandan gedir. Türkiyə bu sayda qaçqının qarşısında duruş gətirə bilməz. Odur ki, bu hücuma qarşıdır. Tehranda keçirilən Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü göstərdi ki, Ankara İdlibə hücuma qarşıdır. Hazırda ruslar bir neçə dəfə İdlibə hava zərbələri endirib və deyirlər ki, bu hücumlar davam etdiriləcək. Qeyri-rəsmi məlumatlara görə, ABŞ bu halda İran və Əsəd qoşunlarına zərbələr endirəcəyini bildirib. Son durum bundan ibarətdir. Üstəlik İdlib problemi artıq BMT səviyyəsinə çıxarılıb. Çox güman ki, yenidən müzakirələr keçiriləcək.
- Sizcə, ruslar və Əsəd İdlibi vurmaqda davam edəcəkmi?
- Hələlik hava zərbələri endirilir. Ancaq ruslar ehtiyat edirlər ki, Qərb Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyini əsas gətirərək Suriya rejiminə ciddi zərbələr endirə bilər. Odur ki, ruslar İdlibə yalnız havadan zərbələr endirir, quru əməliyyatları isə aparılmır. Hələlik vəziyyətin sonunun necə olacağı bəlli deyil.
- ABŞ hansı addımlar ata bilər?
- ABŞ və müttəfiqləri bəyan edib ki, Bəşər Əsəd kimyəvi silah tətbiq etsə, ciddi zərbələr alacaq. Məsələn, Fransa elan edib ki, bu baş versə, Bəşər Əsədə aviasiya zərbələri endirə bilər. ABŞ bildirib ki, Əsəd buna getsə, reaksiya sərt olacaq. Böyük Britaniya da kimyəvi silah tətbiqinə sərt reaksiya veriləcəyini deyir. Almanlar isə hələlik konkret mövqe açıqlamayıb, amma İdlibdə qaçqın prosesinin yaşanmasına qarşıdır və belə bir əməliyyatın keçirilməsini pisləyir.
- İdlib prosesi dünya gücləri arasında savaşa səbəb ola bilərmi?
- Suriya məsələsi son yeddi ildir ki, dünya siyasətinin diqqət mərkəzindədir. Beynəlxalq güclər bu prosesdə tərəflərdir. Bir tərəfdən Astana formatı var və bu format çərçivəsində Bəşər Əsəd və müxalifət arasında dialoq qurulur. Son dövrlər müxalifət Bəşər Əsəd rejimi ilə danışıqlardan imtina edir. Digər tərəfdən Cenevrə prosesi var. O cümlədən Qərb, Rusiya, Türkiyə formatı var. Bir ideya odur ki, Bəşər Əsəd hakimiyyətdə qalır. İkinci ideya Əsədin hakimiyyətdən getməsidir. Üçüncü ideya isə odur ki, Bəşər Əsəd müstəqil seçkilər keçirməlidir. Əsas müzakirələr bu üç ideya ətrafında aparılır. Lakin bununla yanaşı Suriyada silahlar susmur, əksinə münaqişə daha da aktiv fazaya daxil olur.
- Türkiyə bütün cəhdlərlə İdlib əməliyyatına qarşı çıxır. Ruslar isə bu əməliyyatın keçirilməsində israrlı görünür. İdlib əməliyyatı Ankara-Vaşinqton münasibətlərində sınma nöqtəsi ola bilərmi?
- Ümumiyyətlə, çox şey ola bilər. Ankara buna qarşı çıxmaqda israrlıdır. Digər tərəfdən, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların alt qatlarda rusların Suriyadakı aktiv fəaliyyəti dayanır. Səhnə arxasında Yaxın Şərqə sahib çıxmaq uğrunda mübarizə gedir. Bu regionun rusların, yoxsa Qərbin əlində qalacağı hələlik qəti məlum deyil.
- Türkiyənin mövqeyi necədir?
- Söhbət ondan gedir ki, bu alov Türkiyənin sərhədlərində yanır. Üstəlik orada kürd məsələsi var və bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir. Bu səbəbdən də İdlib istiqamətində Türkiyə müəyyən tədbirlər həyata keçirir. Digər tərəfdən, Bəşər Əsədlə münasibətləri yaxşı deyil, faktiki təmaslar yoxdur. Ankara faktiki Bəşər Əsədə qarşı çıxış edir. Ancaq Türkiyənin mövqeyi yarımçıqdır. Ankara bir tərəfdən görür ki, ABŞ kürd dəstələrə hər cür dəstək verir. Bu açıq hal alıb. O biri tərəfdən, Türkiyə İdlibə olan hücumları qəbul etmir. İndi formal olaraq Türkiyə, Rusiya və İran birgədir. Tehran konfransında belə qərara gəlinib ki, yeni görüş Moskvada keçirilsin və müzakirələr davam etsin. İran və Rusiyanın mövqeyi eynidir, Türkiyə isə fərqli mövqedən çıxış edir. Hesab edirəm ki, Türkiyənin Suriya ilə bağlı maraqları hansısa formada Rusiya tərəfindən qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə, İran və Rusiyanın Suriya ilə bağlı əməkdaşlıq formatı Moskva üçün çox vacibdir. Bu formatı ruslar ona görə sona qədər saxlamağa çalışır ki, Qərbə qarşı güclə çıxış edə bilsin. Xüsusilə ona görə ki, Türkiyə NATO-nun üzvüdür.
- Bəşər Əsəd İdlibə nəzarəti bərpa edəndən sonra hansı ssenarilər ortaya çıxa bilər?
- Sözsüz ki, bu halda hansısa sülh proses başlanmalı, seçki prosesi olmalıdır. Ancaq o hansı formada olmalıdır, bu seçkilərə Qərb hansı reaksiya verəcək suallarına cavab yoxdur.
Ancaq mən zənn etmirəm ki, Bəşər Əsəd Rusiya və İranın dəstəyi sayəsində İdlibə nəzarət etmək imkanı əldə etsin. Bu, hələlik qeyri-mümkündür. İdlibə hücum olsa, quru əməliyyatlarını Bəşər Əsədin silahlı qüvvələri həyata keçirməlidir. Rusların Suriyada quru əməliyyatlar keçirmək üçün resursları yoxdur. Üstəlik bu hücum on minlərlə silahlı şəxslərə qarşı keçirilir. Yerli əməliyyatı ancaq Suriya rejimi həyata keçirməlidir. Bəşər Əsəd də quru əməliyyata başlayan kimi Qərb elan edəcək ki, kimyəvi silahdan istifadə edilib, dinc əhaliyə qarşı amansız tədbirlər həyata keçirilib. Bax, buna Qərbin hərbi reaksiyası çox sərt ola bilər. Ona görə də gözləyirlər. Əgər Türkiyə Tehranda İdlibə hərtərəfli hücuma razılıq versəydi, bəlkə də əməliyyat başlayardı. Ancaq hələlik Türkiyə buna imkan vermir. Odur ki, İdlibin ələ keçirilməsi indiki mərhələdə çətindir.
- İdlibdən sonra Suriya rejiminin Rusiya və İranın dəstəyi ilə YPG-yə qarşı əməliyyatı gözlənilirmi?
-Suriyada silahlı kürd dəstələrinin olması və günü-gündən güclənməsi faktı daha çox Türkiyəni narahat edir. Türkiyədə buna qarşı müəyyən fəaliyyət həyata keçirir. Ruslar da bilərəkdən bu problemlə oynayır. Əslində hamısı istəyir ki, kürd problemi qalsın və gələcəkdə ondan Türkiyəyə qarşı istifadə edilsin. İran üçün də kürd problemi vacibdir. Mən inanmıram ki, hər hansı əməliyyat həyata keçirilsin.