ATƏT-in Baş katibi Tomas Qremingerin Azərbaycana gəlməsi və Prezident İlham Əliyevlə görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son vəziyyət haqda məlumatlandırılması üçün vacib səfər idi. Azərbaycan Prezidenti İlham Əliyev baş katibin diqqətinə çatdırdı ki, münaqişənin aradan qalxmasına maneə yaradan Ermənistan tərəfidir. Dövlət başçısı görüşdən istifadə edərək açıq mesaj verdi ki, həmsədrlər atəşkəs pozulduğu halda məsuliyyətin sərsəm bəyanatlar verən Nikol Paşinyanın üzərinə düşdüyünü bilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun fikrincə, ATƏT özü-özlüyündə Avropa üçün universal olsa da, zəif təşkilatdır: “Təşkilatın birinci vəzifəsi Avropada sülhün və təhlükəsizliyin qorunmasıdır. Buna təhdid yaradan Ermənistanla bağlı tədbir görülməlidir. Paşinyanın səsləndirdiyi bəyanatlar onun küt məntiqindən irəli gəlir. Azərbaycan prezidenti danışıqların mahiyyəti üzrə və nəticəyə uyğun aparılmalı olduğunu vurğuladı və bildirdi ki, vəziyyət ayrı müstəviyə keçəndə Azərbaycan günahlandırılmasın”.
Rasim Musabəyov Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ klanının başçıları ilə təhlükəli davaya başladığını qeyd edib: “Paşinyan bilir ki, Köçəryanla Sərkisyanın böyük vəsaiti, çevrəsi, silahlı tərəfdarları var. Anlayır ki, onları zərərsizləşdirməlidir, fəsadları başa düşür. Qarabağdakı səhra komandirləri tərəfindən öldürüləcəyindən ehtiyat edir. O və müdafiə naziri öz oğlunu əslində Qarabağa hərbi xidmət üçün yox, girov kimi göndərib. Ki, oğlum oradadır, məndən təhlükə gəlməyəcək. Yəni, məndən rahat olun, davam Sərkisyan və Köçəryanladır, Qarabağı onlardan da güclü müdafiə edəcəyəm. Paşinyan haqlı olaraq qorxur, avantürist oyunçudur, düşünür ki, bu xətlə davam edə bilər. Özünün də tanımadığı Qarabağı Ermənistanın tərkib hissəsi sayır. Paşinyanı himayə edən dövlətlər və qüvvələr onu ağıla gətirməlidirlər. Əks halda ağır fəsadlara görə günahı onun boynunda görəsünlər”.
Politoloqun sözlərinə görə, Ermənistan baş naziri Moskvadan uğursuz səfərdən qayıdandan sonra daxildə gərginlik daha da artıb: “Yaza kimi kürsüdə salamat qalmayacağından ehtiyat edir deyə növbədənkənar seçkiləri dekabrda keçirmək istəyir. Daxildə müqavimət var, eləcə də xaricdə etimadsızlığı hiss edir”.