22 Sentyabr 2018 08:17
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son illər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyli passivləşib. Sonuncu dəfə Azərbaycan və Ermənistanı prezidentlərinin Amerika ərazisində görüşü 2000-ci illərin əvvəllərində Ki-Uest şəhərində olub. Bu görüşdən sonra passivlik nümayiş etdirib və Rusiya əsas vasitəçilik təşəbbüsü ilə çıxış edir.

Bu sözləri Teleqraf.com- açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda “Qarşıdakı aylarda Qarabağ üçün imkanlar açılır” fikrini şərh edərkən deyib.

Donald Trampın Azərbaycan prezidentinə il ərzində 3 məktub göndərdiyini söyləyən siyasi şərhçi xatırladıb ki, həmin məktublarda ABŞ-ın Qarabağ münaqişəsinin həlli məqsədilə təşəbbüsünün olacağı, fəallaşacağı qeyd edilirdi: “Artıq aylar keçib və hər hansı irəliləmə yoxdur. Ola da bilməz. Çünki Amerika üçün Cənubi Qafqazın konflikti ciddi əhəmiyyət kəsb etmir.

Birləşmiş Ştatların gündəmində Suriya, Şimali Koreya, Rusiya ilə sanksiyalar məsələsi, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və digər mövzular var.

Məsələlər o qədər genişdir ki, Qarabağ konflikti ilə ciddi məşğul olacaqlarına inanmıram. Doğrudur, ABŞ məsələnin sülh yolu ilə nizamlanma prosesində həmsədr kimi iştirak edir, amma xüsusi plan hazırlayacaqlarına ümidim yoxdur”.

Elxan Şahinoğlu qeyd edib ki, Dövlət katibi Mayk Pompeonun məktubunda da yeni heç nə yoxdur: “Tərəfləri intensiv dialoqa çağırır, hamısı çeynənmiş sözlərdir, bunu 25 ildir eşidirik, dəyişən bir şey yoxdur”.


Müəllif: Nərgiz