24 Sentyabr 2018 20:59
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, heç olmasa, katolik dünyasının lideri papa Fransisk qədər sülhün və ədalətin elçisi olmağı ağlına, kürəyinə sığışdırmayan bir adam oturub virtual şəbəkələrdə Ermənistandakı son inqilabı tərənnüm etməyə girişib.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreşin Ermənistanla bağlı açıqlamasını şərh edərkən millət vəkili Zahid Oruc deyib.

Millət vəkili baş katibin Feysbuk səhifəsindəki paylaşımına diqqət çəkib:

“Görün Quterreş özünün Feysbuk hesabında nə yazır: “Bu yaxınlarda biz Ermənistanda hakimiyyətin dinc ötürülməsinin şahidi olduq. Bu fantastik nümunə sübut edir ki, gənc nəsil bizdən daha yaxşı qərar qəbul etmək imkanlarına malikdir”.

Bəli, qənaətlərinizdə haqılısınız, regional hadisələri izləyən qərbli politoloqların Rusiya əleyhinə istənilən çevrilişə verdikləri qiymətdən o qədər də fərqlənməyən bir mövqeyin şahidiyik. Sən demə, yaşlı adamlar mühafizəkardılar, hakimiyyəti ayaqlar altına atmaqda çox ehtiyatlıdılar, o üzdən gənclərin hərəsinə bir “Molotov kokteyli” verib meydanlara səsləmək BMT rəhbərinin əsas dünyəvi missiyasıdır. Əslində heç bir əlahiddə səlahiyyətə malik olmayan və ABŞ prezidentinin mətbuat xidmətinin təmsilçiləri kimi davranan bir şəxsdən başqa nəyi gözələmək olar ki? Xanım Klintonun Vikiliks qovluqlarından boylanan zəhmli və qəddar şifrəli əmrlərini burada xatırlamaq indi yerinə düşər. Pan Gi Munun bütün hərəkətlərinə nəzarət elə bir səviyyədə çatdırılmışdı ki, Corc Oruelin məşhur əsərindəki “böyük televizor” bunun yanında yumşaq diktatura hadisəsidir.

Halbuki Paşinyanı o kürsüdə əməlli-başlı linç etmək olardı.Onun sələfi Serj Sərkisyanı bircə dəfə sorğuya çəkməyən bir təşkilatın sədarətində və salonunda ədalətin təntənəsini gözləmək gerçəkdən də sadəlövlükdür. Quterreşin Paşinyana heyranlığı təkcə küçə üsyanlarına dəstək deyil, eləcə də Azərbaycanla bağlı qəbul edilmiş 4 qətnamənin makulaturaya çevrildiyinin göstəricisidir. O üzdən Nyu-Yorkun baş binasını “yerinə yetirilməyən qərarların qəbristanlığı” adalandıranlar tam haqlıdılar”.

Zahid Oruc qeyd edib ki, Quterreşin erməni baş nazirinə heyranlığı ona Qarabağdakı səngəri, Paşinyanın öz övladını siyasi kapital yığımı naminə cəbhə xəttinə göndərməsini görməyə imkan vermir:

“Əgər BMT Amerikadan və yerdə qalan 4 dövlətdən güclü olsaydı, onda Ermənistan rəhbərləri Nyu-Yorka yaxın buraxılmaz, liberal və bolşevik olmasından asılı olmayaraq, işğalçılıq mahiyyətini dəyişməyən hakimiyyətlər mühakimə edilərdi. İndi təsəvvür edin ki, sabah Qafqazlarda müharibə təzədən alovlanır və BMT-nin yanğınsöndürənləri gəlib iki xalqı sakitləşdirməyə çalışır, onda Quterreş indiki heyranlıq hissini hansı qərarla əvəzləyəcək?

Yəqin deyəcəksiz ki, yeni qətnamələr qəbul olunacaq və Antonionun “nümunəvi inqilabçı” adlandırdığı erməni baş nazirin Qarabağ dağlarındakı hərbi cinayətlərini demokratiyanın ayağına yazmaqdan başqa əlacları qalmayacaq. Halbuki Saakaşvilinin ayaqqabısını geyib onun heç ayaq tozu da ola bilməyən birisini qarşıdakı günlərdə Amerikadan haqq bağırdığını görəndə, düşünün ki, onu həmin tribunaya itələyənlərə sülhdən daha çox müharibə lazımdır. Fərq etməz, Rusiyanın, Türkiyənin, İranın, yaxud Azərbaycanın əleyhinə…”


Müəllif: Mənsur Rəğbətoğlu