Rusiya Suiryada sülhməramlı qüvvələr yerləşdirmək istəyir. Moskva bu məqsədlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərlə danışıqlar aparır. Kreml istəyir ki, KTMT-yə üzv olan dövlətlər gələcəkdə Suriyaya hərbçii göndərsinlər.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzininn rəhbəri Elxan Şahinoğlu deyib.
Suriyada terrorçularla mübarizədə uğurların əldə edildiyini deyən politoloq qeyd edib ki, terrorçuların nəzarətində yeganə şəhər İdlibdir:
“Bu şəhər də terrorçulardan azad olunduqdan sonra Suriya ərazisinda sülhməramlı qüvvələrin yerləşdirilməsi vacib olacaq. Çünki terrorçular hələ bir müddət vətəndaşlara problemlər yaradacaqlar. Ona görə də Rusiyaya geniş koalisiya lazımdır. ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı oxşar koalisiyalar yaratmışdı. Məsələn, NATO-nun Əfqanıstandakı missiyasında onlarla dövlətin hərbçiləri var.
Amerika bununla ona nail olur ki, terrorçularla mübarizədə müttəfiqlərinin olduğunu göstərir. Rusiya Amerikanın bu siyasətindən istifadə etmək istəyir. Yəni Rusiya göstərmək istəyir ki, Suriyada onu da dəstəkləyən dövlətlər var.
Buna baxmayaraq, KTMT-yə üzv dövlətlər Suriya məsələsində ehtiyatlı mövqe tutublar. Suriya ərazisində Şimali Qafqaz Respublikalarından xeyli terrorçu var. Bu terrorçular keçmiş Rusiya vətəndaşlarıdır. Suriyada Özbəkistan və Qazaxıstan vətəndaşı olan terrorçular da var. Ancaq Özbəkistan və Qazaxıstan Suriyadakı terrorçularla mübarizə aparmaq üçün Rusiyaya dəstək vermirlər”.
Elxan Şahinoğlu bildirib ki, Qazaxıstan KTMT üzvü olsa da, balanslaşdırılmış xaricvi siyasət həyata keçirir:
“Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ və Fars körfəzi ölkələri ilə yaxşı münasibətləri var. Bu ilin əvvəlində ABŞ Prezidenti Donald Tramp Nursultan Nazarbayevi Vaşinqtona dəvət etmişdi. Prezidentlər Ağ Evdə görüşmüşdülər. Əgər Nazarbayev hərbçilərini Suriyaya göndərsə, ABŞ və Fars körfəzindəki ərəb ölkələri ilə münasibətləri gərginləşdirmiş olacaq.
Çünki ABŞ və ərəb ölkələri Suriya prezidenti Bəşər Əsəd diktator sayırlar, onu tənqid edirlər. Qazaxıstan hərbçiləri Suriyaya göndərilsə, Rusiyanın komandanlığı altında Bəşər Əsədin mövqelərini gücləndirəcəklər. Bu isə o demək olacaq ki, Qazaxıstan Bəşər Əsədi müdafiə edir. Ona görə də Nazarbayev Rusiyanın istəyi ilə Suriyaya hərbçi göndərmək istəmir.
KTMT üzvlərindən yeganə Ermənistandır ki, bu ölkənin Baş naziri Nikol Paşinyan Suriyaya humanitar missiya göndərməyə razılıq verib. Paşinyanın bununla iki məqsədi var.
Onun birinci məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaqdır. Paşinyanın siyasəti Kremli narahat edir, rusiyalı rəsmilər və diplomatlar onu tənqid edirlər. Çünki Paşinyan Ermənistanda Rusiyanın dostları sayılan siyasətçiləri həbs etmək istəyir. Paşinyan bunu etməsə, hakimiyyəti zəifləyəcək. Ancaq Paşinyan bunu edərkən Moskva ilə münasibətləri gərginləşdirir.
Ona görə də Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə son görüşündə ona dedi ki, Suriyaya humanitar missiya göndərməyə hazırdır. Paşinyan bu yolla Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa çalışır”.
Politoloq hesab edir ki, Paşinyanın ikinci məqsədi Suriyadakı ermənilərə dəstək verməkdir:
“Suriyada ermənilər də yaşayır. Suriyadakı müharibə ermənilərin də vəziyyətini ağırlaşdırıb. Paşinyan Suriyaya humanitar missiya göndərməklə xaricdə yaşayan ermənilər arasında öz mövqeyini gücləndirməyə çalışır. Ancaq Paşinyan Ermənistanda parlament seçkisinə qədər xarici siyasətdə ciddi addım atmayacaq. Nikol Paşinyanın müxalifətlə başı dərddədir. O, ölkədə daxili sabitliyə nail olduqdan sonra xarici və təhlükəsizlik siyasətində dəyişiklik edə bilər”.