Bu, çox maraqlı xəbərdir. O baxımdan ki, Almaniya Avropanın və dünyanın aparıcı ölkələrindən biri olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə hökumət səviyyəsində çox az hallarda diqqət edilib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, indi isə parlament fraksiyalarından birinin hökumətə sorğusunda Dağlıq Qarabağ məsələsini qaldırması artıq bu problemin Almaniya siyasi həyatında da maraq doğurduğunu göstərir:
“Ən vacibi isə Almaniya hökumətinin bu məsələdə ona hörmət gətirəcək cavabıdır. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, işğal olunmuş torpaqlarımız məsələsinə toxunması bu məsələdə Almaniya hökumətinin prinsipial mövqeyini göstərir”.
A.Mirzəzadə qeyd edib ki, ölkənin federal kansleri Angela Merkelin bir müddət əvvəl Azərbaycana səfər etməsi, səfər zamanı Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrinin geniş müzakirə edilməsi də bu məsələdə böyük rol oynayır:
“Xanım Merkel Bakıda keçirilən mətbuat konfransında bildirdi ki, o, Dağlıq Qarabağ münaqişəsinə dair daha müfəssəl məlumat əldə etdi. Görünür, Almaniyanın əvvəllər bu məsələyə çox da diqqət yetirməməsi sadəcə, məlumatsızlıqdan irəli gəlib. Ancaq Almaniyanın rəhbəri səfər zamanı torpaqlarımızın işğal olunduğuna, 1,2 milyon məcburi köçkünümüzün olmasına, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmamasına dair çox ciddi faktlarla tanış ola bildi. Almaniyadan gələn bu xəbər özü göstərir ki, Azərbaycanın ağrılı ümummilli məsələsi dünyada daha çox yayılmağa və hökumətlər tərəfindən dəstəklənməyə başlayır”.