12 Oktyabr 2018 20:54
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərindəki məşhur “Merilənd” prospektinin adının dəyişdirilərək “Artsax” adlandırılmasına etiraz edirlər.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bununla bağlı artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır. Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı BMT başda olmaqla müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur:

“Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkədə prospektin “Artsax” adlandırılması ikili standartların nümunəsidir və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir”.

Bu haqsızlığın bərpası, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Dövlət komitəsi bütün soydaşlarımızın etiraz aksiyasına qoşulmasının, müvafiq linkə daxil olaraq petisiyaya imza atmasının və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakının zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 2-də məşhur “Merilənd” prospektinin adı dəyişdirilərək “Artsax” adlandırılıb. Bu prosesdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın ABŞ-dakı nümayəndəsi Robert Avetisyan, Qlendeyl şəhərinin meri Zareh Sinanyan, şəhər şurasının üzvləri А.Nacaryan, V.Qarpetyan, V.Ağacanyan və P.Devayn iştirak ediblər. Prospektə qondarma dövlətin adının verilməsi tədbirinə senator Entoni Portantino da qatılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər