ABŞ-la Türkiyə arasında rahib Endrü Bransonun həbsi ilə bağlı yaranmış böhranın sona çatması heç də iki ölkə arsında problemlərin arxada qaldığı mənasını vermir. Çünki Branson məhz yaşanan problemlərə görə həbs edilmişdi. İki ölkənin münasibətləri xeyli soyuyub.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Vaşinqtonun məhz Bransona görə Ankaraya tətbiq etdiyi sanksiyaları tədricən aradan qaldıracağı gözlənilir:
“Amma Bransonun azadlığı iki ənənəvi müttəfiq arasında soyuq münasibətlərə son qoymayacaq. Ankaranın Rusiya ilə hərbi-texniki və enerji əməkdaşlığı ABŞ-ın yeni sankisyalar tətbiq etməsinə gətirb çıxara bilər. Bu da əlaqələrin yüksək səviyyəyə qaldırılmasında problem olaraq qalacaq.
Əgər ABŞ Hindistana Rusiya ilə “S-400” raketlərinin alqı-satqısına dair imzalanmış müqaviləyə görə sanksiyalar tətbiq edirsə, Türkiyəyə münasibətdə də analoji addım atacağı şübhəsizdir. Çünki Türkiyə ilə Rusiya arasında da “S-400” raket komplekslərinin alışı və “Akkuyu” Atom Elektirik Stansiyanın tikintisi ilə bağlı müqavilələr imzalanıb.
Bütün bunlar ABŞ-ın Ankara siyasətində müsbətə doğru dəyişikliklər etməyəcəyini, daha sərt siyasətə əl atacağını göstərir. Türkiyənin İrana qarşı noyabrdan başlayan sanksiyalara qoşulmaması da iki ölkə arasında yeni problemə səbəb ola bilər”.
Siyasi şərhçi hesab edir ki, E.Bransonun həbsdən azad olunması Trampın noyabrda keçiriləcək Nümayəndələr Palatası seçkilərində daxili nüfuzunu bərpa etməsi üçün lazım idi:
“Türkiyə də buna getdi. İki ölkənin əlaqələri o zaman inkişaf edə bilər ki, tərəflər problemə səbəb olacaq hərəkətlərdən çəkinsinlər. Ankara istəyir ki, ABŞ PKK-nın Suriya qolu olan YPG-yə dəstəyi tam dayandırsın, Türkiyə ilə birgə anti-terror əməliyyatlarına başlasın. Bundan əlavə AKP hakimiyyətinə qarşı daxildə müəyyən çevriliş planlarından əl çəksin, AKP-də buna tam əmin olsun. Vaşinqton isə istəyir ki, Türkiyə Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırsın, İrana qarşı sanksiyalara qoşulsun və bu iki ölkə ilə birgə Suriyada fəaliyyətindən geri çəkilsin.
Göründüyü kimi NATO-da müttəfiq olan iki arasında elə ciddi problemlər var ki, onların ucbatından yaxın perspektivdə ABŞ-Türkiyə münasibətlərinin normallaşması real görünmür”.