17 Oktyabr 2018 09:01
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu ilin avqustunda yenidən böyük siyasətə qayıtdığını, hətta müxalifət qütblərindən biri olacağını bəyan etmişdi. Həmin dövrdə Rusiya Prezidenti Vladimir Putinin və Xarici işlər naziri Sergey Lavrovun ona isti münasibəti daha aydın sezilməyə başlamışdı. Lavrov onun həbsi ilə bağlı Ermənistana iradını bildirmiş, Putin Köçəryanı ad günündə təbrik etməklə, onu Ermənistanda özünün ən sadiq adamı hesab etdiyini diqqətə çatdırmışdı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Lakin politoloq qeyd edib ki, iki ay ərzində gedən müəyyən proseslər Rusiyanı Köçrəyanı oyundan kənara çəkməyə vadar edib:

“Burada Paşinyana cəmiyyətdən verilən dəstəyin xüsusi rolu var. Qərb siyasi texnoloqlarının uğurlu gedişləri qarşısında Rusiya texnoloqları və hərbi-siyasi dairələri Köçəryanın labüd məğlubiyyətini bildikləri üçün onu siyasi meydandan uzaqlaşdırmaq qərarına gəldilər.

Köçəryan Paşinyanın reytinqinin yüksək olduğunu bildiyi üçün biabırçı şəkildə ona uduzmağı arzulamır və öz imicini qoruyub-saxlamaq istəyir”.

Nəzakət Məmmədova bildirib ki, Robert Köçəryan “Bloomberg” agentliyinə verdiyi müsahibədə hazırda baş nazir olmaq imkanlarının aşağılığını etiraf edib:

“Lakin gələcəklə bağlı suala qeyri-müəyyən cavab verərək, hər şeyin hadisələrin gedişatından asılı olduğunu deyib. Görünür, o bu seçkilərdə məğlub olacağını bildiyi üçün əlverişli fürsəti gözləmək, sonradan siyasi ambisiyalarla çıxış etmək niyyətindədir.

Görünən budur ki, Paşinyana dəstək məqsədilə Frankofoniya sammiti çərçivəsində Fransa Prezidenti Makron və Kanada Baş naziri Trüdonun Ermənistana gəlməsi, erməni diasporasının təkidi ilə bu ölkələrin Paşinyana dəstəyinin açıq ifadəsidir.

Habelə Ermənistan Prezidenti Armen Sərkisyanın Moskvaya gizli saxlanılan səfərinin məqsədi də Rusiya ilə parlament seçkiləri barədə razılaşma ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu