25 Oktyabr 2018 22:44
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev və C.Bolton arasında keçirilən görüşdə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın aparıcı ölkələr sırasında yer aldığını sübut edir:

“Eyni zamanda Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır və bizim münasibətlərimiz ilk növbədə beynəlxalq sülhə, təhlükəsizliyə dəstək kontekstində ən yüksək səviyyəyə gəlib çatıb. Xüsusən də Əfqanıstana dəstək məsələsində Azərbaycan ABŞ-la sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev, həmçinin ikitərəfli münasibətlərdə enerji sektorunun oynadığı rolun nə dərəcə əhəmiyyətli olduğuna dair fikir bildirib. Qeyd edib ki, ABŞ Azərbaycanın enerji təhlükəsizliyi siyasətini dəstəkləyir və buna görə də Avropanın ən böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizinin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyi çox böyük rol oynayıb. Həmçinin, Con Bolton da görüşdə Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini bildirməklə Bakının ABŞ üçün önəmini bir daha vurğulamış oldu. Bolton xüsusilə vurğuladı ki, Azərbaycanın ən ağrılı problemi məhz Dağlıq Qarabağ münaqişəsidir və ABŞ bunun fərqindədir, münaqişənin həlli ilə bağlı səylərini artırmaq niyyətindədir”.

Müsahibimiz əlavə edib ki, heç şübhəsiz, Con Bolton ölkəsinə qayıdandan sonra Azərbaycan həqiqətlərini, Azərbaycanın regionda oynadığı rolu mahiyyəti haqqında ABŞ Prezidenti Donald Trampa lazımi məlumatlar verəcək:

“Bu səbəbdən də səfərin çox böyük siyasi və geostrateji əhəmiyyəti var. Bir sözlə, bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər