Güney Azərbaycan əhalisinin hökumətdən razı olduğunu deyənlər hökumətin son 5 ildəki fəaliyyətinə nəzər salsınlar.
Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur deyib.
Nadir Qazipur Azərbaycan türklərinin adından danışan İranın dövlət adamlarını tənqid edib: “Qərbi Azərbaycan əyaləti məşğulluq, adambaşına düşən gəlir və təhsil sahəsində ölkə üzrə sonuncu yerlərdədir. Kimsə belə bir vəziyyətə görə hökumətə minnətdar olmaq istəyirsə, olsun. Lakin onun əhalinin dilindən danışmaq haqqı yoxdur”.
Millət vəkili İran hökumətinin Güney Azərbaycanın problemlərinə maraq göstərmədiyini deyib:
“Azərbaycan nə üçün hökumətə minnətdar olmalıdır?! Bəlkə hökumət milli valyutanın dəyərini qoruyub saxlayıb? Bəlkə ucuzluq yaranıb və əhalinin ev problemi öz həllini tapıb? Yoxsa işsizlik problemi aradan qaldırılıb və ixracat işləri sadələşdirilib?
Hökumət nəinki quruyan Urmiya gölü ilə bağlı verdiyi vədlərin heç birini yerinə yetirməyib, hətta əhali üçün əlavə problem də yaradıb. Ona görə də əhalinin adından hökumətə təşəkkür edənlər bilsinlər ki, Azərbaycan əhalisi, hətta bizim Urmiyə sizi özünə sözçü seçməyib”.