30 Oktyabr 2018 13:54
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də keçirilən prezident seçkiləri Gürcüstanın demokratiyaya tam keçidini və “Gürcü Arzusu” Partiyasının Mixail Saakaşvilinin yaratdığı demokratik sistemi mühafizə etməyi bacardığını göstərdi. Eyni zamanda gürcülərin Saakaşvili başda olmaqla müxalifətə ciddi etimadını da sübut etdi.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, son zamanlar Gürcüstanda mövcud iqtidarın nüfuzu azalmışdı:

“Mixail Saakaşvilinin Ukraynada apardığı gərgin siyasi mübarizə vətəni Gürcüstanda da onun siyasi reytinqini artırmışdı. Bu seçkilər əslində 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq mərhələsi daşıyırdı. Əgər seçkidə müxalifətin namizədi qalib gələrsə o zaman iqtidar parlament seçkilərinə ruh düşkünlüyü ilə gedəcək və qalib gəlmə şansı çox aşağı olacaq. Buna görə də bəziləri Qriqol Vaşadzenin qalibiyyətini Gürcüstanda mövcud iqtidarın sonu ve yeni dövrün başlanğıcı hesab edirlər.

Təbii ki, bu dövrü “Saakaşvili erası” adlandıranlar daha çoxdur. Onlar yanılmırlar. Çünki Vaşadze seçilərsə Saakaşvili yenidən gürcü siyasətinə daxil ola bilər. Bunun üçün lazım olan ona ittiham olunduğu maddələr üzrə bəraət vermək və vətəndaşlığını geri qaytarmaqdır. Bunların ikisi də hazırda prezidentin səlahiyyətlərinə daxildir.

Vaşadze 2020-ci ilədək bunları edə bilsə, Saakaşvili 2020-ci il parlament seçkilərində partiyasının başında İvanişvilinin qarşısına çıxa bilər. Təbi ki, əgər Vaşadze seçilərsə. Çünki proqnozlar səhv də ola bilər”.

Z.Əmrəliyev qeyd edib ki, hazırda tərəflər qızğın şəkildə növbəti raunda hazırlaşırlar:

“Ancaq etiraf etmək gərəkdir ki, Vaşadzenin şansı çox yüksəkdir. Çünki müxalifətin demək olar əksəriyyəti, məsələn, 11 faiz səs yığaraq üçüncü yerə çıxan David Bakradze Vaşadzeyə dəstəyini açıq ifadə edib. Digər namizədlərin də çoxunun Vaşadzeni dəstəkləyəcəyi gözləniləndir”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 28-də keçirilən prezident seçkisində heç bir namizəd lazım olan səsi toplaya bilməyib. 25 namizədin qeydə alındığı seçkidə əsas mübarizə 3 namizəd – iqtidardakı “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili, keçmiş prezident M.Saakaşvilinin dəstəklədiyi müxalifətin “Güc Birlikdədir” Blokunun namizədi Qriqol Vaşadze və “Avropalı Gürcüstan” Partiyasının namizədi David Bakradze arasında gedib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər