1923-cu ildə Türkiyə Cümhuriyyəti elan olunduğu günlərdə Macarıstan krallığının regenti admiral Mikloş Xorti demişdi: “Bu əhəmiyyətli dövrdə ən mühüm nümunəni türklər göstərdilər. Türklər silaha sarılaraq düşmənləri qovdular və ölkələrini azad etdilər”.
Teleqraf.com xəbər verir ki, bunu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib.
Diplomat bu sözləri macar liderə deməyə vadar edən səbəbləri açıqlayıb. Onun sözlərinə görə, Birinci Dünya müharibəsinin ən dəhşətli zərbələri Macarıstana və Türkiyəyə dəymişdi: “1920-ci ilin iyununda imzalanan və uzun illər ölkədə milli matəm günü (2010-cu ildən Milli Birlik günü) kimi qeyd olunan Trianon sazişinə əsasən Macarıstan ərazilərinin 72, əhalisinin 64 (o cümlədən 3 milyon etnik macar), təbii sərvətlərinin 85-90 faizini və dünya okeanına çıxışını itirmişdi.
Həmin ilin avqustunda imzalanan, lakin heç vaxt yürürlüyə girməyən Sevr anlaşmasına görə Türkiyə İstanbul, İzmir, Trabzon kimi böyük şəhərlər ilə həmişəlik vidalaşmalı, torpaqlarının 105,3 kvadrat kilometrini Ermənistana verməli, ərazisində müstəqil Kürdüstan dövlətinin yaradılması ilə razılaşmalı və bir çox digər alçaldıcı şərtlərə boyun əyməli idi. Belə bir zamanda tarix səhnəsinə Atatürk və onun başlatdığı Qurtuluş Savaşı çıxdı”.
Vilayət Quliyev bildirib ki, Osmanlı ordusunun generalı Mustafa Kamal Paşanın etdiyini Avstriya-Macarıstan ordusunun admiralı Mikloş Xorti bacarmamışdı: “Amma bu, heç zaman onun Türkiyə ilə sıx dostluq münasibətləri saxlamasına və Qurtuluş Savaşından vəcdlə bəhs etməsinə maneçilik törətməmişdi”.