Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qısamüddətli məzuniyyətini işğal altında olan Dağlıq Qarabağda keçirmək qərarına gəlib. Onun Qarabağa gəlişi heç də əbəs deyil.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, bu səfərlə eyni gündə Ermənistanın müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib.
E.Aşırlı hesab edir ki, N.Paşinyan separatçı rejimin nümayəndələri ilə bu məsələyə dair də müzakirələr aparıb:
“Paşinyan çalışır ki, Azərbaycan bu məsələ ilə bağlı qondarma rejimə müraciət etsin, separatçılarla hansısa formada əlaqə qursun. Sonrakı mərhələdə isə qondarma rejimin danışıqlarda iştirakı məsələsi gündəmə gətirilsin. Lakin Bakı girovların Ermənistan tərəfindən saxlanıldığını və buna görə bilavasitə rəsmi İrəvanın məsuliyyət daşıdığını dəfələrlə vurğulayıb. Xüsusilə, bu yaxınlarda Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu ilə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib.
Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş işçi qrupunun həmsədrləri – Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib. Bu ilin oktyabr ayında isə Ermənistana və işğal altında olan Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Tbilisidə hər iki ölkənin dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb”.
Siyasi şərhçi qeyd edib ki, Düşənbədə Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında baş tutan dialoqun davam etdirilməsinə dair müxtəlif fikirlər mövcuddur:
“Zənnimcə, Rusiyanın təşəbbüsü ilə baş tutan razılığın ikinci mərhələsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu gün Qazaxıstanın paytaxtı Astanda keçiriləcək zirvə görüşündə əldə oluna bilər. Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın iştirakı nəzərdə tutulub. Bu görüş zamanı Rusiya tərəfindən bütün əsir və girovların dəyişdirilməsi təklif oluna bilər”.
Qeyd edək ki, hazırda Ermənistanda Şahbaz Quliyev, Elnur Hüseynov və Rusiya vətəndaşı Dilqəm Əsgərov olmaqla 3 azərbaycanlı, Azərbaycanda diversiya fəaliyyətlərinə cəhd edərkən saxlanılan Arsen Bağdasaryan, Karen Qazaryan və Zaven Karapetyan adlı Ermənistan ordusunun üç hərbi qulluqçusu saxlanılır.