15 Noyabr 2018 21:19
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Arzu Nağıyevin Axar.az-a müsahibəsini təqdim edir:

- Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan Rusiya ilə yeni 100 milyonluq hərbi kredit müqaviləsinin imzalandığını bildirdi. Maraqlıdır ki, bu müqavilə KTMT-də baş katiblik böhranının olduğu zamanda imzalanır. İrəvanda Rusiyadan narazılığın olduğu zamanda bu müqavilənin imzalanması nəyə xidmət edir?
- Belə bir müqavilənin imzalanması ilk deyil. Erməni tərəfi dəfələrlə 100 milyon məsələsini qabardıb. Doğrudur, 100 milyon böyük bir rəqəmdir, amma bunun müqabilində ermənilər ruslara nə verəcəklərini açıqlamırlar. Əsas məsələ ondan ibarətdir ki, bu 100 milyonu ermənilər necə qaytaracaq?! Ümumiyyətlə, hələ də verilən kreditlərin Ermənistan tərəfinin necə qaytardığı bəlli deyil. İqtisadi problemlər hazırda Ermənistanda həddən artıq böyükdür. 100 milyonu qaytarması indiki şərtlərdə problemli məsələdir.

Bu məsələnin məhz indi Tonoyan tərəfindən qabardılmasına gəlincə isə, bu, keçiriləcək növbədənkənar parlament seçkisi ərəfəsində siyasi gedişdir. Həm də KTMT-də Xaçaturovun geri çağırılması, onun haqqında cinayət işinin qaldırılması və onun yerinə məhz yenə də hansısa erməni generalını gətirməyə çalışması sırf seçki, eləcə də Rusiyaya yararlanmaq üçün nəzərdə tutulmuş bir prosesdir. Çünki Paşinyan özü icraçıdır. Onun gələcəkdə baş nazir olması üçün parlament yenidən formalaşdırılmalı və Paşinyan yenidən baş nazir seçilməlidir. Bu problemlər, xüsusilə də Rusiya ilə olan gərginlik həddən artıq böyüyə bilər. Rusiya elə bir dövlətdir ki, birbaşa heç bir səbəb olmadan başqa ölkəyə 100 milyonluq kredit ayırmaz.

- KTMT-nin son Astana sammitində İrəvan de-fakto KTMT rəhbərliyini itirdi. Bu narazılıq İrəvanı KTMT-dən uzaqlaşdıra bilərmi?
- KTMT-yə baş katiblik məsələsi hələlik tam həll edilməyib. Yəni burada Ermənistanın bu vəzifəni itirməsi məsələsi hələlik qapanmayıb. Bu məsələdə 3 variant təklif olunurdu: Birinci, Ermənistan baş katibin yenə də öz nümayəndəsi olması üçün çalışacaqdı, ikinci, Xaçaturovun müavini olan Semerikov sona qədər bu vəzifəni icra etməli idi, üçüncü əlifba sırasına əsasən, bu vəzifə Belarusdan olan nümayəndəyə verilməliydi.

Təbii ki, Nazarbayevin Astana sammitindən sonrakı çıxışında da əsas məqam ondan ibarət idi ki, Ermənistanın yeni nümayəndəsi qalan il yarım ərzində bu vəzifəni icra etsə belə, 6 dövlətin ərazisində, həmin dövlətlərin nümayəndələri, müdafiə nazirləri və s. ilə görüşməyə imkan tapmayacaq. Digər tərəfdən Belarusdan olan generalın bu vəzifəyə təyin olunması ilə bağlı əvvəldən informasiya yayılmışdı. Belarusun namizədlərindən biri olan general Zas 1985-ci ildə Bakıda hərbi məktəb bitirib. Onun da bu vəzifəyə təyin olunması məsələsi Ermənistanda narazılıqla qarşılanır. Ermənistan çalışacaq ki, Belarusdan olan general bu vəzifəyə gətirilməsin və onun Bakıda təhsil alması məsələsi daha da qabardılacaq. Amma Belarusun Zasla bərabər daha iki namizədi var. Bir sözlə, bu məsələyə 6 dekabrda Sankt-Peterburq görüşündə aydınlıq gətiriləcək.

İndi əsas məqam ondan ibarətdir ki, Ermənistan atdığı addımlarla həm Rusiyanın hərbi imicinə, həm də KTMT-nin dünyadakı nüfuzuna böyük zərbə vurub. Bu faktdır. Yəni əgər hətta 2008-ci ildə Xaçaturov və Arutyunyan Köçəryanla birlikdə bu seçkilərdə mitinq iştirakçılarına qarşı hər hansı silah və digər vasitələrdən istifadə edibsə, təyinata qədər niyə bu yoxlanılmırdı?! Əgər bu cinayətkar idisə, hər hansı nüfuzdan salan materialları olan biri idisə, KTMT-də rəhbər vəzifəyə necə gətirilib?! Burada əsas cavabdehliyi “Rusiyanın NATO-su” adlandırılan KTMT daşıyır. Bu, Rusiyanın nüfuzuna vurulan ən böyük zərbədir. Buna görə də Ermənistanın hansı bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, İrəvan üçün daha böyük problemlər yarana bilər. Yəni Ermənistanın ümumiyyətlə, KTMT-nin üzvü kimi qalıb-qalmaması ilə bağlı məsələ gündəmə gələ bilər, lakin burada da müəyyən problemlər ortaya çıxacaq.

Doğrudur, Ermənistanın KTMT-ni tam şəkildə tərk edəcəyi inandırıcı görünmür. Çünki 102 saylı briqada, Erebunidəki eskadrilya orada olduğu müddət ərzində bu mümkün deyil. İkinci məqam isə NATO ilə Rusiyanın, daha dəqiq desək, Türkiyə-Ermənistan sərhədidir. Üçüncü problem Dağlıq Qarabağ münaqişəsiylə bağlıdır. Hazırda regional aktorların da marağında olan burada hər hansı müharibə ocağının yaranmamasıdır.

- 9 dekabrda Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırkı hökumət Serj Sərkisyandan fərqli olaraq tam iqtidar sahibi olmaq istəyir. Ola bilərmi ki, KTMT böhranına görə, Rusiya Paşinyanı məhz seçki ilə cəzalandırsın?
- İnandırıcı görünmür. Çünki Paşinyan mitinqlərdən vəzifəyə gəlmiş bir namizəddir. Onun sırf təmiz iqtisadi, siyasi, hərbi doktrinası yoxdur. O, mitinqlərdən qayıdandan sonra prosesləri “məxməri inqilab” adlandırdı. Məxməri inqilabların hər birinin arxasında konkret proqram və müəyyən dövlətlər dayanır. Paşinyan baş nazir olduqdan sonra hiss olundu ki, həm Qərb, həm də Rusiya buradakı dəyişiklikdə maraqlıdır. Soros Fondunun əli ilə burada müəyyən qurumlar yaradılmasına baxmayaraq, Rusiya da burada baş verənlərdən paralel olaraq yararlanmağa çalışır. Yəni Paşinyan üçün hazırda əsas məqsəd iki tərəfin də vəsaitini əldə etməkdir. Çünki Ermənistanda iqtisadi vəziyyət pis gündədir. Paşinyan hakimiyyəti bu gün iki qurumun arasında qalıb. Lakin ən mühüm məsələ Dağlıq Qarabağ məsələsidir.

Paşinyan hakimiyyətə gələn kimi ilk olaraq Dağlıq Qarabağın separatçı rəhbərinin üçüncü tərəf kimi bu danışıqlara qatılmasını istədi. Daha sonra BMT Baş Assambleyasının 73-cü sesiyasında başqa bəyanat verdi, Düşənbə sammitində isə bu məsələdən imtina etdi. Bu o deməkdir ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə oyun oynayır, siyasi gedişlər edir.

Digər tərəfdən, Paşinyan istefa verəndən sonra özündə baş nazir səlahiyyətlərini saxladı. Baş nazir səlahiyyətlərini saxlamaqdan istifadə edərək, Çarukyan Bloku, Daşnaksütyun və Sərkiyanın partiyası ilə Rusiyanın razılığı əsasında separat danışıqlara getdi. Parlamenti buraxmaq üçün onlardan baş nazirliyə öz namizədlərini göstərməmələrini istədi. Seçki öncəsi də müəyyən ərazilərdə qubernator, bələdiyyə seçkiləri keçirildi. Bu da Paşinyanın həyata keçirdiyi siyasi gediş idi. O, Daşnaksütyundan və digər müxalif qruplardan olan qubernatorları çıxarıb yerinə öz adamlarını gətirdi. Bu, gələcək seçkilər üçün hazırlıq idi.

Ona görə seçkilərdə birbaşa Rusiyanın Ermənistanı cəzalandıracağı inandırıcı görünmür. Çünki Rusiyanın bu gün Paşinyanı tam şəkildə cəzalandırması mümkün deyil. Cəzalandırsa, Rusiyanın Ermənistanda olan qoşunları çıxmalı, Dağlıq Qarabağ məsələsi alovlanlanmalı və digər müxtəlif hadisələr baş verməlidir. Bu gün Rusiya ola bilsin ki, müəyyən qədər Paşinyana sarı kart göstərsin, amma tam anlamıyla Paşinyanı cəzalandırmasını müşahidə etməyəcəyik. Digər tərəfdən, Paşinyanı hakimiyyətə gətirənlərdən biri məhz Rusiya idi. Burada Qərbin dəstəyinin olması xüsusi vurğulandı, ancaq Rusiyanın da mövqeyini danmaq olmaz. Rusiya ilə razılıq olmasaydı, Paşinyan hakimiyyətə gələ bilməzdi.

- Maraqlıdır, Rusiyaya Paşinyanın hakimiyyətə gəlməsi niyə sərf edirdi?
- Rusiyaya Paşinyanın əli ilə özünə sərf etməyən qüvvələri vurmaq sərf edirdi. Çünki Ermənistanda artıq millətçilər də baş qaldırmışdı. Onların hamısını ləğv edəndən sonra Paşinyanla yola davam edəcəklərini fikirləşdilər. Digər tərəfdən Paşinyanın hakimiyyətə gəlməsinə Rusiya dəstək vermiş olmasaydı, o, hakimiyyətə gələndən sonra MDB-dən də, KTMT-dən də çıxardı. Çıxmadı. Paşinyan ruslarla onlara sərf edən tərzdə, Qərblə isə tamam ayrı tonda danışır. Yəni Paşinyan üçün əsas olan maddi vəsaiti haradan necə alacağıdır. Ona 100 milyon krediti Qərb vermir, Rusiya verir. Moskva verdiyi pulun müqabilində öz diktəsini edəcək.

- Boltonun Ermənistanda Qarabağla bağlı kritik açıqlaması var. Bu açıqlamanı və 100 milyonluq krediti nəzərə alsaq, o zaman İrəvanın ABŞ xəyalının başa çatdığını deyə bilərikmi?
- ABŞ Ermənistandakı səfirliyində çalışanların sayını həddən artıq artırıb. Hətta ABŞ-ın Ermənistandakı səfirliyi həcminə və çalışanların sayına görə dünyada ən böyüyüdür. Oradan Vaşinqton İrana və digər aktorlara qarşı öz kəşfiyyat xarakterli işlərini aparır. Bolton da, onun siyasətini tətbiq etdiyi ABŞ dövləti də hiss edir ki, artıq Qarabağla bağlı deklarativ bəyanatlardan çəkinmək lazımdır. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, regionda böyük proseslər baş verə bilər. Belə ki, bölgəyə sərmayələr qoyulur. Buradan keçən hər hansı boru kəməri vurulsa və digər proseslər baş versə, burada müharibə alovlanacaq. Buna görə də Bolton təmsil etdiyi dövlətin nüfuzu üçün həmin kritik açıqlamanı verdi.

Yəni barmaq silkələmək, onları təhdid etmək məsələni həll etmir. Məlum məsələdir ki, ayrı-ayrılıqda dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllini dəstəkləyir, lakin bu dəstəkləmələrə baxmayaraq, münaqişə həll olunmur. Bolton özü də artıq bu problemin ciddiləşdiyini anlayır, ona görə də bəyanatını sərtləşdirir.

İkinci məsələ ondan ibarətdir ki, nəyin bahasına olur-olsun, Qərb Ermənistanı Rusiyanın cəngindən çıxarmağa çalışır. Xarici aktorlar heç də tam şəkildə Azərbaycanı dəstəkləmək, Ermmənistanı dəstəkləməmək prinsipindən çıxış etmirlər. Lakin ABŞ həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunur. Digər tərəfdən Azərbaycan bu gün dünyanın və Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını almaqda, enerji problemlərinin həllində, Əfqanıstanda təhlükəsizliklə bağlı məsələlərdə ABŞ-la tərəfdaşdır və iki ölkə arasında bununla bağlı müqavilələr var. Ona görə də ABŞ birmənalı şəkildə Azərbaycanın tərəfini saxlamalıdır.

- O zaman ABŞ Ermənistanı Rusiyanın inhisarından çıxarıb dövlət olaraq qalmasına necə təminat verəcək?
- Plan bundan ibarətdir ki, bu məsələnin həlli üçün ABŞ bütün təzyiqləri Rusiyaya edəcək. Rusiyaya ABŞ tərəfindən nə qədər artıq təzyiqlər olsa (istər sanksiyalar şəklində, istər digər məsələlərlə), bu, Ermənistana da mənfi təsir göstərən amillərdəndir. Rusiyaya təzyiqlər artırdıqca, İrəvan çalışacaq içəridə hakimiyyət qurumunu elə dəyişsin ki, yeni formalaşacaq hakimiyyətdə əsas üstünlük antirus siyasətçilərdə olsun. Yəni tam şəkildə ABŞ-ın buna nail olması mümkün deyil. Çünki NATO-Rusiya sərhədi Ermənistan-Türkiyə sərhədi ilə üst-üstə düşür. O sərhəddə Rusiya çalışır ki, bufer zonası yaratsın. Bununla da tam şəkildə sərhədlərin öz ərazisinə keçməsinin qarşısını alsın. Nə qədər ki Ermənistanda rus qoşunları var, nə qədər ki problemlər həll olunmayıb, ABŞ Ermənistanı Rusiyanın cəngindən çıxara bilməz.

ABŞ-ın hətta Azərbaycanla tam müttəfiq olub, Ermənistanı Rusiyanın cəngindən çıxarmağı da çətin məsələdir. Ancaq Rusiyaya möhkəm təsir mexanizmindən istifadə etməklə, nəsə etmək olar.

- Rusiyaya təzyiqlər olduğu halda, mətbuatda iddia edilən və Qarabağ ətrafındakı bir neçə rayonun azad edilməsini nəzərdə tutan “Lavrov planı” işlək hala gələ bilərmi?

- Bilirsiniz, ortada konret “Lavrovun planı” deyə bir plan yoxdur. Bu sadəcə mətbuatda yayılan bir xəbərdir. Hətta mən ABŞ-da səfərdə olanda beyin mərkəzləri ilə görüşdə də bu məsələni soruşmuşdum. Orada mən ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri Hoqlandla da görüşdüm Hoqlanddan soruşdum ki, bu problemləri necə çözmək olar? O dedi ki, Lavrov planı var. Lavrovun planı nədən ibarətdir? Əgər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu problem həll olunursa, erməni qoşunları işğal olunmuş ərazidən çıxarılırsa, qaçqınlar yenidən öz yurd-yuvalarına qayıdırsa, bu onsuz da digər planlarda da yer alıb. Lavrov planının bunlardan nə fərqi var? Bu proseslər istər Kazan, Vyana protokolları, Sankt-Peterburq görüşlərinin qərarı ilə də həyata keçirilə bilir. Yəni ABŞ da plan dedikdə, yəqin ki, bu prosesləri nəzərdə tuta bilər.

İrana gəldikdə isə, Azərbaycanın İranla Dağlıq Qarabağdan keçən 143 kilometrlik sərhədi var. Bu sərhəd boz zonadır. Orada Rusiya nəzarəti öz əlinə götürməyə çalışır. Hər bir qonşu aktor çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində nəyisə udsun. Bu gün subyektiv fikrimdir ki, İran Dağlıq Qarabağ münaqişəsinin tam şəkildə həllindən həmin ərazilərdə NATO-nun bazasının yerləşməsi ehtimalına görə çəkinir. Yəni bu gün Dağlıq Qarabağ münaqişəsi həll olunsa, Türkiyənin vasitəsi ilə bu ərazilərdə NATO-nun bazaları yerləşdirilə bilər. Gürcüstan da müəyyən qədər bu məsələnin həll olunmamasını istəyə bilər. Çünki əgər münaqişə tam həllini tapsa, Gürcüstandan keçən meqa layihələr artıq Ermənistanla da həyata keçirilə bilər. Müəyyən bir diversifikasiya vəziyyəti yarana bilər. Burada yalnız Azərbaycan bu məsələnin həllində tam maraqlıdır.

- Ətrafımızdakı böyük güclər bizdən nə istəyirlər?
- Bilirsiniz, Azərbaycanın geocoğrafi, geosiyasi mövqeyi elədir ki, burada olan Qarabağ problemini tam şəkildə Azərbaycan və Ermənistan özbaşına həll edə bilməzlər. Azərbaycan müsəlman inanclı kiçik bir dövlətdir. Lakin ölkəmizdə tolerantlıq, multikultural dəyərlər inkişaf edib. Böyük dövlətlərin bizim həddən çox inkişafımızı istədiyini düşünmürəm. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan müstəqil olduqca, öz torpaqlarını işğaldan azad etdikcə daha da inkişaf edəcək.

Məlum məsələdir ki, xarici siyasətdə qardaşlıq, dostluq məfhumu yoxdur. Ümumi maraqlar var. Bizim də ümumi maraqlarımızın ən çox üst-üstə düşdüyü ölkə məhz Türkiyədir. Tam şəkildə biz bir yerdə ola bilərik, tərəfdaş ola bilərik, lakin hərənin öz marağı var. Yəni müharibə tək səngərlərdə getmir. Diaspor, imperiyalar səviyyəsində informasiya müharibəsi gedir. Yəni bu problemin həllinə kompleks şəkildə baxmaq lazımdır.

Tam şəkildə Qarabağ probleminin müharibə ilə həll edilməsinə inanmıram. Buna xarici aktorlar imkan verməyəcək. Biz bunun nümunələrini Abxaziya, Dnestryanı, Ukrayna məsələsində də görmüşük. Tam şəkildə Azərbaycanın müharibə elan edib öz torpaqlarını geri qaytarmasına imkan verməzlər.

Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində diplomatik danışıqlarda çox böyük irəliləyiş var. Aprel döyüşlərinə qədər biz bir addım irəli gedəndə bütün dünya Azərbaycan haqqında müxtəlif fikirlər yürüdürdü. Lakin 2016-cı ilin Aprel hadisələrində bizə irad tutan bir dövlət də olmadı. İkili yanaşma azalmışdı. Burada medianın da, sosial şəbəkələrdə yaradılan qrupların da rolu böyük oldu. Dünya ictimaiyyətinə doğru məlumatı vaxtında çatdıra bildik. Bu da bir uğur idi.


Müəllif: Teleqraf.com